Qətnamə 822 (1993)
30 Aprel 1993-cü il
Təhlükəsizlik Şurası,
Dağlıq Qarabağ münaqişəsinə dair Təhlükəsizlik Şurasının Sədri
tərəfindən edilən 1993-cü il 29 yanvar və 6 aprel tarixli bəyanatlarına
əsaslanaraq,
Baş Katibin 14 aprel 1993-cü il tarixli məruzəsini nəzərə alaraq,
Ermənistan
Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin
pisləşməsi ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,
Silahlı
hərbi əməliyyatların genişlənməsini və, xüsusilə, yerli erməni
qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna sonuncu
hücumunu həyəcanla qeyd edərək,
Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratması ilə əlaqədar narahat olaraq,
Böyük
sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda, xüsusilə
Kəlbəcər rayonunda, fövqəladə humanitar vəziyyətlə bağlı ciddi
narahatçılığını ifadə edərək,
Regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini bir daha təsdiq edərək,
Həmçinin,
beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə
gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək,
Avropada
Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində həyata keçirilən
sülh prosesini dəstəklədiyini bəyan edərək, və silahlı hərbi
əməliyyatların genişlənməsinin bu proses üçün dağıdıcı nəticə verə
biləcəyindən dərindən narahat olaraq,
1.
Möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və
düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı
qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal
olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir;
2.
Münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Minsk
qrupunun sülh prosesi çərçivəsində həll edilməsi məqsədilə maraqlı
tərəfləri danışıqları dərhal bərpa etməyə və problemin sülh yolu ilə
həllini çətinləşdirən hər hansı hərəkətlərdən çəkinməyə çağırır;
3.
Mülki əhalinin əzablarını yüngülləşdirmək üçün regionda, xüsusilə
münaqişəyə məruz qalmış rayonlarda, humanitar yardımın göstərilməsi üzrə
beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinə çağırır, bütün
tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət
etməyə borclu olduqlarını yenidən təsdiq edir;
4.
Baş Katibdən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin
Fəaliyyətdə olan Sədri, həmçinin Müşavirənin Minsk qrupunun Sədri ilə
məsləhətləşmədə regionda, xüsusilə Azərbaycanın Kəlbəcər rayonunda,
vəziyyətin qiymətləndirilməsini aparmağı, və Şuraya növbəti məruzəni
təqdim etməyi xahiş edir;
5. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.
3205 saylı iclasda yekdilliklə qəbul edilmişdir.
------------------------------------------------------------------------------------------------------------------------
Mənbə: Təhlükəsizlik Şurasının 1993-cü il rəsmi hesabatları, qətnamələri və qərarları.
------------------------------------------------------------------------------------------------------------------------
1. S/25199.
2. S/25539.
3.
Təhlükəsizlik Şurasının rəsmi hesabatları, qırx səkkizinci il, 1993-cü
ilin aprel, may və iyun ayları üçün əlavə, sənəd S/25600.
No comments:
Post a Comment