Plan
Giriş
1. Hüquqda boşluğun anlayışı, növləri və səbəbləri.
2. Hüquqda boşluğun aradan qaldırılması. Hüququn və qanunun analogiyası.
Nəticə
Giriş
Bildiyimiz kimi obyektiv mənada hüquq ictimai münasibətləri tənzimləmə xarakterinə malik hüquq normalarının məcmusudur. Hüquq normalarının başlıca məqsədi və təyinatı məhz ictimai münasibətləri tənzimləməkdir.Lakin heç də ictimai münasibətlərin hamısı hüquqla tənzimlənmir.İctimai münasibətlərin bir hissəsi sosial, əxlaq və s.normalarla tənzimlənir. Hüquq normaları ilə yalnız daha mühüm münasibətlər-hüquq münasibətləri nizama salınır. Bəs bu hüquq normaları necə yaranır?
Hüquq münasibətlərini nizama salan hüquq normaları ya digər normaların (sosial,əxlaq,adət və s.) dövlət tərəfindən sanksiyalaşdırılması ilə, ya da ki, yeni hüquq normalarının yaradılması yolu ilə yaranır. Hüquq münasibətləri çox dinamikdir, yəni onlar dəyişkəndirlər.
Ən təkmil qanunvericiliklər belə həyatda baş verən qeyri-standart situasiyaları qabaqcadan nəzərdə tuta bilməz. Qeyri-standart situasiya dedikdə qanunvericiliyin mövcud münasibətləri nizama sala bilməməsi başa düşülür. Çünki hüquq münasibətləri hüquq normaları ilə müqayisə də daha dinamikdir. Buna görə də dünyada elə bir ideal hüquq tapmaq olmaz ki, mövcudluğu adekvat əks etdirsin. Hüquqda boşluq xəşagələn hal deyil, amma obyektiv olaraq boşluqların olması qaçılmaz və mümkündür.
Bununla yanaşı hüquq ədəbiyyatında bəzi müəlliflər, məsələn, V.V.Lazareva belə hesab edir ki, boşluqların olması müəyyən dərəcədə xeyirlidir, belə ki, belə halların mövcudluğu məhkəmələrə nadir işləri ədalət haqqında təsəvvürlərinə əsasən həll etməyə imkan yaradır. Məhkəmələr və digər orqanlar dövlət tənzimləməsini tələb edən münasibətlərə biganə qala bilməzlər.
1. Hüquqda boşluğun anlayışı və növləri.
Həyati halların çoxluğu və rəngarəngliyi
hüquqi normalarla heç də həmişə tənzimlənə bilmir. Hüquqda boşluq ilk növbədə
ictimai münasibətlərin genişliyi və müxtəlifliyi ilə bağlıdır.
Hüquqda boşluğun təbiəti.
Hüquqda
boşluq daha çox məcəlləşdirmə aparan zaman həyat fəaliyyətinin hüquq normaları
ilə tam əhatə olunmaması zamanı yaranır. Hüquqda boşluğun aradan qaldırılması nəinki
qanunvericilikdə çatışmazlıqların və qeyri-deqiqliyin aradan qaldırılmasına, həmçinin
hüquqtətbiqedici prosesin bütün mərhələərinin anlayışı dərinləşir. Fikrimizcə,
hüquqda boşluğun aradan qaldırılması praktiki fəaliyyətlə bağlıdır, belə ki,
boşluğun müəyyən edilməsi hüquq normalarının və ictimai münasibətlərin
toqquşmasını tələb edir. Lakin bütün hallarda praktiki məsləhətlər heç də həmişə
elmi əsaslandırılmış metodiki baza tələb etmir.
Hüquqda
boşluq problemi əsasən hüquq normalarının tətbiq və şərh edilməsilə, həmçinin
hüquqyaratma və hüquqtətbiqetmə prosesinin ümummetodoloji məqsədləri ilə bağlı
olaraq yaranır. Hüquq məzmun etibarilə insanların konkret olaraq müəyyən
edilmiş davranış qaydalarının məcmusudur.
Qeyd etmək yerinə düşər ki,
hüquqda boşluq ilə qanunda boşluq anlayışlarını fərqləndirmək lazımdır. Qanunda
boşluğun əsas cəhəti qanunda hüquqi tənzimləmənin olmaması, lakin qanunqüvvəli
aktda olması, yəni hüquqi qüvvənin lazımi səviyyədə olmaması və hüquq münasibətinin
mənasına uyğunsuzluğudur.
Hüquqda boşluq dedikdə müvafiq münasibəti tənzimləyən
normanın olmaması başa düşülür. Bu bir növ qanunvericiliyin müvafiq münasibəti nizamlaq əvəzinə
susmasıdır. Yəni bu halda faktiki münasibət var amma bu münasibəti tənzim edə
biləcək norma yoxur. Bir sözlə bu halda söhbət qanunvericiliyin natamam
olmasından onun geri qalmasından söhbət gedir.
Hüququ ədəbiyyatında hüquqda ilkin (qanunvericinin diqqətsizliyi) və sonrakı boşluqları fərqləndirirlər. İkinci hal hüquqi tənzimetmə zamanı, hüquqi tətbiqetmə praktikasında əvvəllər məlum olmayan münasibətlər ortaya çıxdıqda yaranır.
İlkin boşluq- o halda mövcud olur ki, hüquqi tənzimləməni tələb edən şərait artıq mövcud idi və qanunverici onu normativ-hüquqi aktda əhatə etmir.
Sonrakı boşluq hüquqi tənzimetmənin predmetində qanunvericinin öz iradəsini yaymış sosial sferanın tənzim etməsilə yaranan yeni münasibətin meydana gəlməsilə bağlıdır. Beləliklə, qanunvericilikdə sonrakı boşluqların yaranması qanunauyğun haldır, bununla belə bu kimi hallarda hüquqi proqnozlaşdırma özünü biruzə verməlidir.[1]
Pozitiv hüquqda boşluq- bu o halda mövcud olur ki, müvafiq münasibəti nizamlamaq üçün nə qanun, nə qanunqüvvəli akt, nə adət, nə də ki, presedent olmasın.
Normativ hüquqi tənzimləmədə boşluq-
qanun və qanunqüvvəli aktın
normasının olmaması.
Qanunvericilikdə boşluq- ümumiyyətlə qanunun mövcud olmaması (hakimiyyətin
ali orqanın aktı).
Qanunda boşluq- müvafiq
qanunda məsələnin tam tənzimlənməməsi. Buna oxşar olaraq digər normativ aktlarda,
adətlərdə, presedentlərdə də boşluqdan danışmaq olar.[2]
Digər bir
təsnifat kimi real və xəyali
boşluqları fərqləndirirlər. Xəyali boşluq odur ki, hüquqda boşluğun olması
haqda mülahizə irəli sürülür. Bu halda vəziyyət hüquqi tənzimetmə müstəvisinə
belə keçməyib və öz həllini tələb etmir.V.V.Lazarev digər digər növlərini də
qeyd edir: tam və qismən boşluqlar,
aradan qaldırıla bilən və aradan qaldırıla bilməyən, bağışlanılan və
bağışlanılmayan, həmçinin düşünülmüş boşluqlar fərqləndirir.[3]
Bildiyimiz
kimi hüquqda boşluq iki formada olur. Birinci halda hər hansı məsələnin tənzimlənməsinin
ümumiyyətlə mövcud olmaması. Digər halda isə boşluqlar normayaradan orqanlardan
yeni qəbul olunmuş normanın predmetilə bağlı appelyasiya tələb edir.
İstənilən
işdə, xüsusən, normayaratma kimi çətin bir işdə mümkün ola biləcək səhvlərdən
qaçmaq çətindir. Hüquqda boşluq obyektiv mövcud olan şəraitin düzgün qiymətləndirilməməsini
və bununla bağlı qanunvericinin iradəsinin
normativ aktda düzgün əks etdirilməməsini
ifadə edir. V.V.Lazarev hüquqda boşluğu «hüquqda səhv» adlandıraraq qanunverici orqan tərəfindən aşağıdakı
hallarda mövcud ola bilməsini göstərir:
a) səhvən
hər hansı münasibəti hüquqi tənzimetmədən məhrum edir.
b) səhvən
hesab edir ki, hüququn tətbiq edilməsi zamanı onun konkretləşdirlməsindən yan
keçmək olar.
c) səhvən
məsələnin həllini hüquqtətbiqediciyə həvalə edir.
d) elə
bir norma yaradır ki, onun mövcudluğuna ehtihac olmur.
e) məsələni
normada göstərilən qaydada həll etmir.[4]
Pozitiv hüquqda boşluqlar hüquqi tənzimetmə
sferasında olan faktlara, sosial əlaqələrə
münasibətdə normanın olmamasını göstərir. Hər zaman hüquqi tənzimetmə
sferasında olan ictimai münasibətlərin, həyati halların bir hissəsi mövcud olur
ki, onlar hüquq normasında müəyyən olunmur. Digər bir halda isə əksinə normada
müəyyən edilir, lakin hüquqi tənzimetmə sferasına daxil olmur. Sonuncu hal nəzəri
baxımdan istənilən hüquq sistemində mövcuddur.
Hüquqi tənzimetmənin vacibliyi
qanunun qəbul edilməsindən sonra da yarana bilər. Məhz bu baxımdan hüquqda boşluqlar
ilkin və sonrakı boşluqlara bölünür.
Əgər belə bir ehtiyac qanun layihəsinin hazırlanması mərhələsində də mövcud
idisə və qanunverici bunu diqqətsizlikdən görməyibsə belə boşluq «bağışlanılmaz» hesab edilir. Bu
baxımdan bu qanunvericinin kobud səhvi sayılır. «Bağışlanılmaz» boşluq o halda
da mümkündür ki, qanunverici normayaradan zaman qanunvericilik texnikasına diqqət
yetirmir və hüquqi tənzimləməyə ehtiyacı olan münasibət norma ilə tam əhatə
olunmasın.
«Bağışlanılan»
boşluqlardan o halda söhbət gedə bilər ki, qanaunverici orqan hüquqi tənzimetməyə
olan ehtiyacı hər hansı səbəbdən görə bilməyib və qabaqcadan görə bilməsin.
Yeni normaya olan tələbat
öz-özlüyündə nadir hallarda biruzə verir. Hər şeydən əvvəl sübut lazım olur. Sübut
edilmiş hərəkətlərin cəmi boşluqların aradan qaldırılması üzrə fəaliyyətin məzmununu
təşkil edir. Daha çox bu məsələlər həll edilir:
a) hüquqi
tənzimetməyə güman edilən tələb xəyalidirmi,
hansıki, mövcud vəziyyətin düzgün qiymətləndirilməməsindən irəli gəlibmi?
b) hüququn
normasına olan tələb realdırmı, yəni mövcud sosial-iqtisadi həyatı təmin
edirmi?
c) müvafiq
ictimai münasibətləri nizama salaraq boşluğu istisna edən normalar varmı?
d) «hüququn
susması» qiymətləndirilibmi, yəni qanunverici müvafiq münasibətlərin və
faktların hüquqla tənzimlənməsinə öz mənfi iradəsini ifadə edibmi?
Boşluqların
müəyyən edilməsi onların axtarılması demək deyildir. Təcrübədə obyektiv olaraq
belə bir hal hansısa orqan və ya vəzifəli şəxsin qarşısına çıxan bütün məsələləri
həll etmək üçün hüquqi alətin olmaması ilə bağlı olaraq meydana çıxır.
Normayaradıcı orqan üçün bu ayrıca götürülmüş bir kazus deyil. Beləliklə hüquqi
təcrübə boşluqların olması və onların aradan qaldırılması haqda ideyalar yayır.
Boşluqların müəyyən eilməsi hüquqyaratma ilə sıx bağlıdır. Belə bir əlaqə özünü
aşağıdakılarda göstərir:
1. Boşluqların
müəyyən edilməsi ( və sonra ardan qaldırılması) və hüquqyaratma fəaliyyəti
bir-birilə tam və hissənin əlaqəsindədirlər. Sonuncu həm də hüquqi tənzimləmənin
vacibliyini və onun sosial tənzimləmənin digər növləri ilə əvəz edilməsini də əhatə
edir.
2. Səlahiyyətli
dövlət orqanının yeni hələ tənzimlənməyən münasibətlərin təsbit edən akt yaratması haqda təşəbbüsü eyni zamanda
boşluğun mövcudluğu haqda mülahizə də yaradır.
3. Belə
bir qanunvericilik təklifinin əsaslığının
yoxlanılması elə boşluqların müəyyən edilməsi prosesidir.
4. Səlahiyyətli
orqanın normativ aktın layihəsini hazırlaması boşluqların olması və onların
aradan qaldırılması haqda hipotezaları rəsmiləşdirir.
5. Normativ
aktın qəbul edilməsi boşluqların olması və onların birdəfəlik müəyyən edilməsi
və aradan qaldırılması sualına müsbət cavab vermiş olur.
Boşluqların
müəyyən edilməsi prosesində aşağıdakılar tədqiq edilir:
a) qüvvədə
olan hüququn məzmunu;
b) bu
və ya digər normativ aktın yaranmasını tələb edən maddi ictimai münasibətlər;
c) aktın
dərc edilməsinə sinfi-iradəvi münasibət;
d) hakimiyyət
( bəzən həmçinin ictimai ) orqanların hüquqyaradıcı fəaliyyəti;
e) hüquq
tətbiqtetmə təcrübəsi;
f) hüquq
düşüncəsi ( hüquqi psixologiya və hüquqi ideologiyanın məcmusu).
Beləliklə, pozitiv hüquqda boşluq -sosial həyatın inkişafı və işin praktiki həllinə
olan tələbatla ifadə olunan, qüvvədə
olan qanunvericiliyin mahiyyətini, məzmununu, prinsiplərini ifadə edən,
hüquqi tələblərə və munasibətlər və əşyaların təbiətindən irəli gələn tələblərə
cavab verən hüquqi normaların bütövlükdə və ya qismən mövcud olmamasıdır.
Hüquqda boşluğun səbəbləri.
Hüquq tətbiq etmə zamanı qüvvədə olan pozitiv hüquqda baxılan münasibətin nizama salınma qaydasının olmaması aşkarlana bilər. Belə bir situasiyanın yaranması bu hallarla bağlıdır: 1) qanunvericinin bu münasibəti qəsdən nizamlamaq istəməməsi; 2)qüvvədə olan pozitiv hüquqda mövcud boşluq.
Birinci halda ( qanunvericinin müvafiq münasibətləri nizamlamasından imtinası ) müvafiq faktiki münasibətlər hüquqi əhəmiyyət kəsb etməyəcəkdir. Belə hal qanunvericinin şüurlu surətdə faktiki mövcud münasibətlərə hüquqi qiymət vermək istəməməsindən irəli gəlir. Belə hallarda hüquqi (hüquqtətbiqedici) iş qaldırmaq lazım deyil, qaldırılmış iş üzrə isə hüquqi əhəmiyyətsizliyini göstərən qərar qəbul etmək lazımdır (hüquqi əhəmiyyətsiz).
Hüquqda boşluq dedikdə hüquqda hüquqi tənzimetmə sferasında olan faktiki halları ( münasibətləri ) tənzimetmək qabiliyyətinə malik normanın olmaması başa düşülür. Hüquqda boşluğun bir səbəbi də daha dinamik inkişaf edən ictimai münasibətlərlə müqayisədə qanunvericinin geri qalması halıdır. Digər bir səbəb qanunvericinin özünün yol verdiyi səhvlərdir hansı ki, bu onun qanunyaratmam mədəniyyətinin aşağı olmasını göstərir. Hüquqda boşluğun doldurulmasını qanunverici özü hüquqtətbiqedici orqanın səlahiyyyətinə uyğun həyata keşirir.
Onu da qeyd etmək lazımdır ki, hüquqtətbiqedici orqan və ya vəzifəli şəxs hüquqda boşluğun olmasını əsas gətirərək bu işi həll etməkdən imtina edə bilməz. Belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunar və hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilərdi.
Hüquqdakı boşluqlar obyektiv və subyektiv səbəblərdən yarana bilər. Qanunverici bu və ya digər qanunun qəbul olunmasına hazır olmaya da bilər. Subyektiv səbəblərə isə qanunvericiliyin təkmil olmaması, lazım olan qanunvericilik texnikasının olmaması və s. aiddir. Məsələn, nümayiş, yürüş və yığıncaqlar haqda Rusiya Federasiyasının qanununda qanunverici etirazın piket formasını sadəcə unutmuşdur.[5]
Beləliklə, hüquqda boşluqlar əsasən bu səbəblərdən
yaranır:
a) hüququn
daha dinamik olan ictimai münasibətlərlə müqayisədə nisbətən konservativ
olması;
b) qanunun
və hüquqi texnikanın mükəmməl olmaması;
c) həyati
halların sonsuz olarak rəngarəgliyi;
Hüquq tətbiq etmə zamanı qüvvədə olan hüquqdakı boşluqları aradan qaldırmaq məqsədilə qanunun və hüququn analogiyası kimi xüsusi üsullardan istifadə olunur.
2. Hüquqda boşluğun aradan qaldırılması. Hüququn və qanunun analogiyası.
Artıq qetd etdiyimiz kimi hüquqda boşluğun aradan qaldırılması üçün birinci addım məhz müvafiq boşluğun müəyyən edilməsidir.Hüquqda boşluğun aradan qaldırılması ayrı-ayrı hüquq sahələrində müxtəlif cür həll olunur. Hüququ tətbiqetmə zamanı hüquqda boşluq aradan qaldırılmır və hüquqtətbiqedici orqan tərəfindən müxtəlif vasitələrlə bu problem dəf edilir.
Hüquqda boşluğun aradan qaldırılmasının ilk və təbii yolu yeni normanın yaradılmasıdır. Amma bu daha «uzun yol»dur və ya qanunverici aramsız olaraq dərhal mövcud boşluqları doldura bilməz. Məhz bunun üçün də hüquqda analogiya institutundan istifadə edilir.[7]
V.N.Xrapanyuk da məhz bu üsulu önə çəkmişdir.Hüquqda boşluğun aradan qaldırılmasının əsas vasitəsi zəruri hüquq normasının qəbul edilməsidir.Hüquqyaratma orqanı bu halı aradan qaldıra bilmədikdə hüquqda analogiyanın tətbiqi qaydasından istifadə edilir.[8]
Birdəfəlik qanunda boşluğun aradan qaldırılmasının məhkəmələr və digər orqanlar tərəfindən həyata keçirilməsi tezisindən imtina etmək lazımdır. Qanunda boşluğun aradan qaldırılmasının yeganə yolu əlavə qanunyaratma fəaliyyətidir. Nəzərə alsaq ki, doktrinalar və qanunvericilik hüququn mənbələri kimi yalnız qanunverici və səlahiyyətli dövlət idarəetmə orqanlarının qəbul etdiyi aktları tanıyır. Onda hüquqda boşluğun aradan qaldırılması kimi müstəsna hüquq da onlara şamil olunacaq. Bütün digər dövlət təşkilatları, əmək kollektivləri, elmi müəssisələr, ayrı-ayrı alimlər boşluqların aradan qaldılması işində fəaliyyət göstərirlər, lakin onlara belə boşluqların aradan qaldırmaq səlahiyyəti verilməyib.
Sovet hüquq ədəbiyyatında sovet hüququnun analizi ilə bağlı məhkəmə təcrübəsinin bu sahədə rolu haqda sual çox aktual idi. Bu barədə ən azı 3 nəzəriyyə var idi ki, bəzi məsələləri hələ də öz təsirinə malikdir.
Bir qism məhkəmə təcrübəsini hüququn mənbəyi kimi yuxarı məhkəmələrin göstərişlərinə münasibətdə tanıyırdı.
Digər baxışda isə məhkəmə təcrübəsini aşağı instansiya məhkəmələrin də nəticələrini daxil etməklə bütün həcmdə hüququn mənbəyi kimi tanıyırdı.
Digər qism isə öz ifadə formasından asılı olmayaraq məhkəmə təcrübəsini hüququn mənbəyi kimi tanımırdı.
V.V.Lazarev bu məsələni tətqiq edərək belə bir nəticəyə gəlir ki, həm faktiki, həm də hüquqi cəhətdən yuxarı məhkəmə instansiyalarının qərarı müvəqqəti də olsa hüquqdakı boşluğu doldurur. Eyni zamanda o qeyd edir ki, daha məqsədə müvafiq və düzgün yol olan səlahiyyətli normayaradan orqanların hüquqi tənzimetmədəki bütün çatışmazlığı və hüquqdakı boşluğu aradan qaldırılmasına yönəlmiş fəaliyyətinə üstünlük vermək lazımdır. Bu yol kontitental hüquq sistemi üçün qanunçuluğun və normayaradan orqanların nüfuzunun artmasına kömək edir.[9]
Məhkəmələrin hüquqdakı boşluqları aradan qaldırılmasına yönəlmiş fəaliyyəti hüquqda boşluğun olması faktı və normativ aktın qəbul edilməsi prosedurunun müəyyən müddət tələb etməsi ilə bağlıdır. Nəhayət, ayrı-ayrı normayaradan orqanlar müvafiq aktların qəbul edilməsi üçün kifayət qədər operativ deyillər. Yuxarı instansiya məhkəmələrinə bu vəziyyətdə iki haldan birini qəbul etmək düşür: ya aşağı instansiya məhkəmələrinin baxışına tənzim edilməyən münasibəti təqdim etmək, ya da ki, onlar üçün normativ göstərişlər hazırlamaq.
Məhkəmələrin hüquq təkmilləşdirici fəaliyyəti ciddi qanunqüvvəli xarakter daşıyır. Məhz bu səbəbdən də qanuna zidd olan bütün qərarları etibarsız hesab etmək lazımdır. Məhkəmələr qüvvədə olan normativ aktları dəyişmək səlahiyyətinə malik deyillər.
Məhkəmələrin göstərilən bu səlahiyyəti onlara belə bir öhdəsinə belə bir vəzifə qoyur müvafiq orqanlara qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər versinlər. Yuxarı insansiya məhkəmələri qanunvericilik təşəbbüsünə malikdirlər. Kontinental hüquq sistemində bu məsələ ilə bağlı üstünlük məhkəmələrə yox, normativ hüquqi aktların yaradılması səlahiyyətinə malik orqanlara verilir. Boşluqların aradan qaldırılması işində məhkəmələrin rolu anqlo-sakson hüquq sistemində isə yüksək qiymətləndirilir. Səbəb kimi onu göstərə bilərik ki, bu hüquq sistemində presedent hüququ geniş yayılmışdır, qanunvericilik isə sistemləşdirilməmişdir.
Sonda belə nəticəyə gəlmək olar ki, biz kontinental hüquq sisteminə daxil olduğumuzdan boşluqların aradan qaldırılmasında norma yaratmaq səlahiyyətinə malik orqanların roluna üstünlük verməliyik.
Analogiya. Hüququn və qanunun analogiyası.
Qeyd etdiyimiz kimi hüquqdakı boşluqların aradan qaldırılmasının ən təkmil yolu səlahiyyətli norma yaradıcı orqanın yeni normalar yaratmasıdır. Lakin bu bir qədər uzun prosesdir. Məhkəmə təcrübəsində tez-tez rast gəlinən bir haldır ki, məhkəmələrə təqdim edilən məsələləri həll edən zaman məhkəmələr müvafiq münasibətləri tənzimləyən norma tapmırlar. Yuxarıda da qeyd olunduğu kimi bu hüquq tətbiq etmə zamanı boşluqların müəyyən olunmasıdır. Bu kimi hallarda məhkəmə müvafiq münasibətləri tənzimləyən yeni normanın yaranmasınımı gözləməlidir? Məhkəmə bu işi qəbul etməkdən imtinamı etməlidirmi?
Qüvvədə olan Mülki Məcəllənin 11.5-ci maddəsində deyilir: «Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz». Demək hər bir halda məhkəmələr işlərə baxmağa borcludur. Çünki, ədalət mühakiməsini yalnız məhkəmələr həyata keçirirlər.Bəs belə hallarda çıxış yolu nədir?
Bu kimi hallarda analogiya institutundan istifadə edilir. Analogiya ( yun.analogia-uyğunluq, oxşarlıq), hüquqda-hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin,yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqi( hüququn analogiyası).[10] Konkret olaraq bu halda söhbət hüquq normalarının və onların tənzimlədiyi münasibətlərin oxşarlığından gedir. Analogiyanın məqsədi qanunda göstərilməyən halların həll etməkdir və beləliklə məhkəmələr müvafiq işləri qanunvericinin həll edəcəyi təqdirdə həll edirlər. Qanunverici hüquqdakı boşluğu aradan qaldırır, hüquq tətbiqedici isə ( məhkəmələr ) müvafiq boşluğu doldurur, dəf edir. Müvafiq boşluğu aradan qaldırmağa onların səlahiyyəti yoxdur.
Analogiyanın əsasında belə bir mülahizə durur ki, bir-birilə əsas əlamətləri ilə üst-üstə düşən münasibətlər eyni cür həll edilir. Bunun üçün əsas şərt odur ki, həll edilməli olan hal tənzim edilməyən hüquq münasibətlərinin dairəsinə daxil olsun, başqa sözlə hüquq sahəsinin hüdudlarında olsun. Mənəvi, əxlaqi münasibətlərə analogiya tətbiq edilmir.
Hüquqdakı boşluqların dəf edilməsinin 2 üsulu, yəni analogiyanın 2 növü fərqləndirilir: 1)qanunun analogiyası; 2)hüququn analogiyası. Birinci halda qanunun və digər normativ aktın digərləri ilə oxşar normsı tapılır və tətbiq edilir. İkinci halda isə oxşar norma tapılmadıqda qüvvədə olan qanunvericiliyin ümumi ruhu, başlanğıc müddəları ( prinsipləri ) əsas götürülməklə həll edilir. Aydındır ki, bu kimi hallarda əsas rolu hüquq düşüncəsi, hüquq mədəniyyəti və hakimlərin peşəkarlığı oynayacaqdır.[11]
Qüvvədə olan Mülki Məcəllənin 11-ci maddəsi analogiyaya həsr edilmişdir.
Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması
ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət
olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə,
oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir
(qanunun analogiyası).Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları
olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas
götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən
ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Xüsusi münasibətləri
tənzimləyən mülki qanunvericilik müddəaları (istisna normaları) analogiya üzrə
tətbiq edilməməlidir.
Qeyd etdiyimiz kimi məhkəmələr ilk öncə boşluqaların doldurulması üçün
qanunun analogiyasını tətbit edməlidirlər.Qanunun analogiyası dedikdə, konkret
hüquqi işin dəqiq müəyyən olunmuş hüquq norması əsasında deyil, ona oxşar norma
əsasında həll edilməsi başa düşülür.Yəni qanunvericilikdə həmin məsələni həll
edən birbaşa normanın olmaması üzündən bu məsələyə oxşar hüquq norması tətbiq
edilir. Belə hallarda tətbiq edilən norma müvafiq münasibətləri bilavasitə
nizamlamır.O, başqa yaxın oxşar münasibətləri nizama salır.[12]
Qanunun analogiyasının vacibliyi ondadır ki, hüquqi işin həlli üzrə qərar
hüquqi əsaslara malik olmalıdır. Buna görə də mübahisəli məsələni həll edən
norma yoxdursa onda mübahisəli məsələni həll edə bilən oxşar norma
axtarılmalıdır.[13]
Tapılmış normanın qaydaları iş üzrə qəbul olunmuş qərara tətbiq edilərək hüquqi
əsas kimi çıxış edir. Konkret olaraq Mülki Məcəlləmizə nəzər salsaq yuxarıda
göstərilən kimi qanunun analogiyası bu kimi hallrda tətbiq olunmalıdır:
1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin
razılaşması ilə birbaşa tənzimlənmədikdə;
2. Onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda;
3. Eyni zamanda tətbiq edilən oxşar münasibətləri tənzimləyən mülki
qanunvericilik normaları onların mahiyyətinə zidd olmamalıdır.
Qeyd edək ki, mülki
hüquqda qanunun analogiyasının tətbiqi üçün heç müvafiq normanın olmaması kifayət
deyil. Qanunun analogiyasının tətbiq edilməsi üçün əsaslardan biri də müvafiq
münasibətləri tənzimləyən işgüzar adətlərin olmamasıdır. Burada göstərilən işgüzar adətlərə gəldikdə isə MM-nin 10-cu maddəsində göstərilən
kimi sahibkarlıq fəaliyyətinin hər hansı
sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə
tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı
olmayaraq, işgüzar adət sayılır.Qanunvericiliyə və ya müqaviləyə zidd olan
işgüzar adətlər tətbiq edilmir.
Qeyd etmək yerinə düşər ki, qüvvədə olan Mülki Məcələnin 11.3-cü maddəsi
24 iyun
2005-ci il 948-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan
Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu ilə çıxarılmışdır. Əvvəlki
redaksiyada isə deyilirdi: Mülki hüquqları məhdudlaşdıran və ya
məsuliyyət müəyyənləşdirən mülki qanunvericilik normalarının analogiya üzrə tətbiqinə
yol verilmir. Fikrimizcə, qanunvericinin əvvəlki mövqeyi daha düzgün idi.
Hüquqda mövcud olan boşluqların doldurulmasının ikinci üsulu hüququn
analogiyasıdır. Müvafiq tənzimləmə tələb edən münasibətələrə qanunun
analogiyasını tətbiq etmək olmadıqda hüququn analogiyasına müraciət olunur. Hüququn
analogiyası hüququn mənası və ümumi prinsipləri əsasında konkret iş üzrə qərar
qəbul edilməsidir. Hüququn analogiyası boşluq olan zaman oxşar hüquq norması
seçmək mümkün olmadıqda tətbiq edilir.[14]
Qeyd etdiyimiz kimi hüququn analogiyası hüququn ümumi başlanğıclarına, mahiyyətinə
əsaslanır. Hüquq ədəbiyyatında hüququn ümumi başlanğıclarını hüququn prinsipləri
də adlandırırlar. Hüququn analogiyası zamanı hüququn prinsipləri bilavasitə tənzimedici
funksiya daşımış olur və hüquq tətbiq
etmə zamanı yeganə normativ hüquqi əsas olur. Beləliklə, hüququn analogiyasının
tətbiq edilməsi üçün 2 şərtin olması vacibdir: qanunvericilikdə müvafiq
boşluğun olması və bu boşluğu doldura biləcək və qanunun analogiyasının tətbiqini
olunması üçün oxşar normanın olmaması. Mülki qanunvericiliyə görə hüququn
analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə
alınmalıdır. Xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəaları
(istisna normaları) analogiya üzrə tətbiq edilməməlidir.
Hüquq ədəbiyyatında digər subsidar və ya tamamlayıcı analogiya da fərqləndirilir.
Subsidar analogiya odur ki, məsələn məhkəmə mülki işə baxan zaman hüququn digər
sahələrindən oxşar normalar tətbiq edir (məsələn inzibati, ailə, əmək, maliyyə
və s. hüquq sahələrindən).[15]
Analogiya tətbiq edildikdə hər bir konkret iş üzrə fərdi qərar çıxarılır
ki, bu qərar oxşar hallar üçün məcburi deyil. Lakin analogiyanın səlahiyyətli və
nüfuzlu orqan tərəfindən qəbul edilərsə, o, gələcəkdə oxşar işlərin həllinə kömək edə bilər. Hüququ
tətbiq edən orqanın analogiyadan istifadəsi hüquqda çatışmazlığı aradan
qaldırılması və yeni normanın yaradılması deyildir.[16]
Bununla belə hüquqdakı müvafiq boşluqların doldurulmasında həmişə analogiyanı
tətbiq etmək olmur. Yəni analogiyaya heç də boşluqların doldurulması üçün mütləq
kateqoriya deyil. Bu zaman həmin hüquq sahəsinin prinsipi analogiyanın tətbiqini
istisna edir. Məsələn, indi bir çox ölkələrdə analogiyanın tətbiqi cinayət və
inzibati işlər üzrə istisna edilir. Bu sahələrdə boşluqların olması
danılmazdır. Lakin bu boşluqlar doldurulmur, dəf edilmir. İnzibati və cinayət
hüququnda mövcud olan boşluqlar yalnız aradan qaldırılır. Yəni belə boşluqlar
qanunverici orqanın yeni norma qəbul etməsilə aradan qaldırılır. Məsələn,
Rusiya Federasiyasının köhnə Cinayət Məcəlləsində uşaq alveri nəzərdə
tutulmamışdır, lakin müvafiq əməllər törədilirdi. Hal-hazırda qüvvədə olan
Cinayət Məcəlləsinin 152-ci maddəsində bu tərkib formulə edilib. Beləliklə
boşluq ləğv edildi. Yenə RF-nın köhnə Cinayət Məcəlləsində heyvanlarla amansız
rəftarı cəzalandıran norma yox idi. İndiki CM-nin 245-ci maddəsi müvafiq tərkibi
nəzərdə tutub.
Göründüyü kimi boşluq aradan qaldırıldı. Bu sahədə analoji misalları bizim qanunvericilik üçün də gətirmək
olar. Məsələn, görkəmli alim F.Y.Səməndərov köhnə Cinayət Məcəlləsi ilə bağlı
plaraq qeyd edirdi: Qüvvədə olan Cinayət məcəlləsində uşaqların alınıb
satılmasına görə məsuliyyət müəyyən edən norma nəzərdə tutulmur.Halbuki
respublikada uşaqların xarici ölkələrə satılmasını biznesə çevirən adamlar
vardır.Alınan uşaqlar xarici klinikalarda donora çevrilir, onların bədən
orqanları digər xəstələrə transplantasiya edilir.[17]
Qüvvədə olan Cinayət Məcəlləsinin
5-ci maddəsində qanunçuluq prinsipi təsbit olunub. Bu məcəllənin 5.2-ci maddəsində
analogiyanın tətbiq edilməsi imperativ qaydada istisna edilir : cinayət
qanununun analogiya üzrə tətbiqinə yol verilmir. Belə bir normanın imperativ
qaydada müəyyən edilməsi məhz qanunçuluq prinsipinin mahiyyətindən irəli gəlir
və bu prinsipin təmin edilməsi analogiyanı istisna edir. Bu prinsipə görə əməlin (hərəkət və ya hərəkətsizliyin)
cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər
yalnız Cinayət Məcəlləsi ilə müəyyən
edilir. Cinayət qanunda göstərilməyən əməlin edilməsi cinayət məsuliyyətini
istisna edir. Beləliklə, cinayət hüququnda qanunçuluq prinsipi aşağıdakı
yollarla təmin edilir:
a) cinayət qanununun tətbiqi ilə bağlı hüquq-mühafizə
orqanlarının fəaliyyəti ancaq qanuna əsaslanır və qanun əsasında
həyata keçirilir;
b) əməlin cinayət sayılması və belə əməli törədən
şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə
ancaq qanun əsasında (Azərbaycan Respublikası Konstitusiyasının
71-ci maddəsinin müddəaları, CM-in 3, 14, 20, 21, 25, 26 və s. maddələri)
yol verilir;
c) şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli
əməli törətməsi – onun cinayət məsuliyyətinin əsaslarını yaratmış
olur. Əməlin cinayət olması və cəzalanmalı olması ancaq cinayət
qanunu ilə müəyyən edilir;
ç) şəxsin törətdiyi əməl cinayətdirsə, belə əməli
etməkdə şəxsin təqsirli olduğu sübut edilərsə, ona ancaq törədilən cinayətə görə məsuliyyət müəyyən edən
maddənin sanksiyası hüdudunda cəza təyin edilir;
d) cinayət törədən şəxsə başqa cinayət hüquqi
təsir tədbirlərinin tətbiqinə, onun məsuliyyətdən və cəzadan azad
edilməsinə ancaq cinayət qanununda nəzərdə tutulan hallarda yol
verilir.
Qanunçuluq prinsipi cinayət hüququnda şəxsiyyətin
hüquqlarının və azadlıqlarının təminatçısı kimi çıxış edir. Hüququn digər sahələrində
isə analogiya bu və ya digər şəkildə tətbiq edilir. Ümimiyyətlə analogiya tətbiq
olunması barəsində xüsusi qadağa olmayan
bütün hüquq sahələrində tətbiq edilir.
Çox təəssüf ki, Azərbaycan Respublikasının 1922 və
1927-ci illərdə qəbul edilən Cinayət Məcəllələrində qanunçuluq
prinsipi təsbit edilməmişdi. Buna görə Azərbaycan Respublikasının
sovet dövründə əməl qanunda cinayət kimi nəzərdə tutulmayan hallarda
belə siyasi mülahizələr əsasında vətəndaşlar siyasi baxışlarına
və "kriminal mühitlə" əlaqəsinə görə məsuliyyətə alınmış və
mühakimə edilmişdilər. Bütün belə qanunsuzluqlara "analogiya"
institutunun köməyi ilə haqq qazandırılmışdır. [18]
Burjua dövlətlərinin qüvvədə olan qqnunvericiliyində cinayət
qanununun analogiya üzrə tətbiqi prinsipi birbaşa ifadə olunmamışdır. Lakin əslində
ingilis-sakson hüquq sistemli ölkələrdə ( ABŞ-da, B.Britaniya) məhkəmə
orqanları presedent vasitəsilə cinayət qanununu analogiya üzrə tətbiq edirlər.[19]
Hüquqda boşluqlar təkcə maddi yox, eyni zamanda prosesual hüquqda da ola bilər. Cinayət və
mülki prosesual hüququn tətbiqi təcrübəsi analogiyadan istifadə edildiyini göstərir.
Əgər məhkəmənin fəaliyyəti qanunda göstərilməyibsə onda bu fəaliyyəti heç də qanunsuz
hesab etmək olmaz.
Onu da qeyd etmək yerinə düşər ki, bir çox müəəliflərin
fikrincə artıq analogiyanın tətbiqi sahəsi daralır. V.V.Xrapanyuk göstərir ki,
qanunvericiliyin daim təkmilləşməsi və inkişafı ilə əlaqədar olaraq hüququn
analogiya üzrə tətbiqi hətta onun tətbiqinə yol verilən hüquq sahələrində də
müstəsna hallara çevrilir.[20] Müəllifin fikrinə bunu əlavə
etmək istərdik ki, onun göstərdiyi bu misal kontinental hüquq sistemi üçün keçərlidir.
Çünki, məhz kontinental hüquq sistemli ölkələrə qanunvericiliyin sistemləşdirilməsi
(məcəlləşdirilməsi) qaydasında təkmilləşdirilməsi xasdır. Belə hesab edirik ki,
Roman-German hüquq sistemi üçün analogiya institutu bu hüquq sisteminin mahiyyətinə
uyğun gəlmir. Lakin bunu da başa düşürük ki, hüquq həmişə daha dinamik olan
ictimai münasibətlərdən daim geri qalır. Demək, hüquqda boşluqların olması müəyyən
mənada obyektiv səbəblərdən asılıdır.
Nəticə.
Beləliklə, biz
hüquqdakı boşluqların anlayışını verdik və onların yaranma səbəblərini öyrəndik.
Hüquqdakı boşluqların yaranma səbəblərinə obyektiv və subyektiv səbəbləri aid
etdik. Obyektiv səbəblər məhz hüququn daha dinamik olan ictimai münasibətlərdən geri qalması,
subyektiv səbəblər isə qanunvericinin iradəsindən ifadəsi, hüquqi texnikanın, hüquq mədəniyyətinin
aşağı olması və s. səbəblər ilə
bağlıdır. Eyni zamanda boşluqların təsnifatını apardıq. İlkin və sonrakı, real
və həqiqi, aradan qaldırıla bilən və aradan qaldırıla bilməyən, bağışlanılan və
bağışlanılmayan, tam və qismən və düşünülmüş boşluqları fərqləndirdik.
Müvafiq sahədə
boşluqların yaratdığı problemin həlli
qaydası boşluqların aradan qaldırılması,
yəni ləğv edilməsi və analogiyanın tətbiqidir. Hüquqdakı boşluqları ləğv etmək
səlahiyyəti qanunvericiyə məxsusdur. Bu proses uzun olduğundan və məhkəmələrin
üzərinə təqdim edilən mübahisəni həll etmək vəzifəsi qoyulduğundan hüquqda
analogiya institutu tətbiq edilir. Analogiya boşluqları aradan qaldırmır və ləğv
etmir və bir qayda olaraq hüquq tətbiq etmə zamanı məhkəmələr tərəfindən tətbiq
edilir. Eyni zamanda hüququn və qanunun analogiyasını fərqləndirdik. İlk öncə
qanunun analogiyası tətbiq edilir. Daha sonra isə hüququn analogiyasından
istifadə olunur. Onu da qeyd etdik ki, analogiya heç də boşluqların dəf edilməsi
üçün mütləq vasitə deyil, yəni bəzi hüquq sahələrində məsələn, cinayət və
inzibati hüquqda analogiya tətbiq edilmir.
İstifadə olunmuş ədəbiyyat.
1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Hüquq ədəbiyyatı.Bakı 2006.
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi.Hüquq ədəbiyyatı (2007-ci il mayın 1-dək olan dəyişiklik və əlavələrlə).Bakı 2007.
3. Hüquq ensiklopedik lüğəti.Bakı-1991.
4. F.Y.Səməndərov Cinayət hüququ. Ümumi hissə.Bakı 2006.
5. F.Y.Səməndərov. Şəxsiyyət əleyhinə edilən cinayətlər.Bakı 1997.
6. V.N.Xrapanyuk. Dövlət və hüquq nəzəriyyəsi.Bakı 1995.
7. "ТЕОРИЯ ГОСУДАРСТВА И ПРАВА: УЧЕБНИК"(Н.И. Матузов, А.В. Малько)(Юристъ, 2006).
8. Общая теория права и государства: Учебник / Под ред. В.В. Лазарева. — 3-е изд., перераб. и доп. — М.: Юристъ 2001.
9. Венгеров А.Б.Теория государства и права: Учебник для юридических вузов.3-е изд. – М.: Юриспруденция.
10. Протасов В.Н. Теория права и государства. Проблемы теории права и государства: Вопросы и ответы. — М.: Новый Юрист, 1999.
11. ТЕОРИЯ ГОСУДАРСТВАИ ПРАВАС.С.Алексеев.Издательство НОРМА.М 2006.
[1]
Протасов В.Н. Теория права и государства. Проблемы теории права и государства:
Вопросы и ответы. — М.: Новый Юрист, 1999. с 95
[2] Общая
теория права и государства: Учебник / Под ред. В.В. Лазарева. — 3-е изд.,
перераб. и доп. — М.: Юристъ,c 193.
[4]
Общая теория права и государства:
Учебник / Под ред. В.В. Лазарева. — 3-е изд., перераб. и доп. — М.: Юристъ 2001,c
193.
[5]
Венгеров А.Б.Теория государства и права: Учебник для юридических вузов.3-е изд.
– М.: Юриспруденция,c 308
[6]
"ТЕОРИЯ ГОСУДАРСТВА И ПРАВА: УЧЕБНИК"(Н.И. Матузов, А.В. Малько)(Юристъ,
2006), c 348
[7]
"ТЕОРИЯ ГОСУДАРСТВА И ПРАВА: УЧЕБНИК"(Н.И. Матузов, А.В.
Малько)(Юристъ, 2006), c 348.
[8]
V.N.Xrapanyuk.Dövlət və hüquq nəzəriyyəsi.
Bakı 1995.Səh.134
[9]
Общая теория права и государства:
Учебник / Под ред. В.В. Лазарева. — 3-е изд., перераб. и доп. — М.: Юристъ 2001,c
198.
[10] Hüquq ensiklopedik lüğəti.Bakı-1991,səh.41
[11] "ТЕОРИЯ ГОСУДАРСТВА И ПРАВА: УЧЕБНИК"(Н.И. Матузов,
А.В. Малько)(Юристъ, 2006), c 348.
[12] V.N.Xrapanyuk.Dövlət və
hüquq nəzəriyyəsi.Bakı 1995.Səh.134
[14] V.N.Xrapanyuk.Dövlət və
hüquq nəzəriyyəsi.Bakı 1995.Səh.135
[15] "ТЕОРИЯ ГОСУДАРСТВА И ПРАВА: УЧЕБНИК"(Н.И. Матузов,
А.В. Малько)(Юристъ, 2006), c 349.
[16] Hüquq ensiklopedik lüğəti.Bakı-1991,səh.41
[17] F.Y.Səməndərov. Şəxsiyyət əleyhinə edilən cinayətlər.Bakı 1997.səh
166.
[18] F.Y.Səməndərov Cinayət hüququ. Ümumi hissə.Bakı 2006.səh.29
[19] Hüquq ensiklopedik lüğəti.Bakı-1991,səh.41
[20] V.N.Xrapanyuk.Dövlət və
hüquq nəzəriyyəsi.Bakı 1995.Səh.135
Facebook Comments Plugin by Hüquqşünasların Məkanı
No comments:
Post a Comment