Azərbaycan Respublikasının vətəndaşlığı haqqında
Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Vətəndaşlıq hüququ
Azərbaycan Respublikası
Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan,
onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan
şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının
ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs
Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan
Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
Maddə 2. Vətəndaşlıq hüququnun təminatı
Azərbaycan Respublikası
Konstitusiyasının 53-cü maddəsinin I hissəsinə görə, Azərbaycan
Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının
vətəndaşlığından məhrum edilə bilməz.
Azərbaycan Respublikası
Konstitusiyasının 53-cü maddəsinin II hissəsinə görə, Azərbaycan
Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və
ya xarici dövlətə verilə bilməz.
Azərbaycan Respublikası
Konstitusiyasının 53-cü maddəsinin III hissəsinə görə, Azərbaycan
Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan
Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik
edir.
Vətəndaşlıq hüququnun təminatı üçün
Azərbaycan dövləti öz orqanlarının və vəzifəli şəxslərinin simasında Azərbaycan
Respublikası vətəndaşları qarşısında məsuliyyət daşıyır.
Maddə 3. Bərabər vətəndaşlıq
Azərbaycan Respublikasının
vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq hamı üçün
bərabərdir.
Azərbaycan Respublikası
vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən,
sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən,
təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən,
məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı
müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir.
Maddə 4. Vətəndaşlıq haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Vətəndaşlıq haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, bu qanundan və Azərbaycan Respublikasının
müvafiq qanunvericilik aktlarından ibarətdir.
Maddə 5. Azərbaycan Respublikası vətəndaşlığına
mənsubiyyət
Aşağıdakı şəxslər Azərbaycan
Respublikasının vətəndaşları sayılırlar:
1) bu qanunun qüvvəyə mindiyi
günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının
vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış
yeri üzrə qeydiyyatda olsun;
2) 1992-ci il yanvarın 1-dək
Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin
Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər;
3) 1988-ci il yanvarın 1-dən 1992-ci
il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar;
4) bu qanuna müvafiq surətdə Azərbaycan
Respublikası vətəndaşlığını əldə etmiş şəxslər.
Bu maddənin birinci hissəsinin 2-ci
bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının
vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il
müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında
ərizə ilə müraciət etsinlər.
Bu maddənin birinci hissəsinin 3-cü
bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk
etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan
Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş
güzəştlər şamil edilir.
Maddə 6. Azərbaycan Respublikasının vətəndaşlığını
təsdiq edən sənədlər
Azərbaycan Respublikasının
vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır:
1) doğum haqqında şəhadətnamə;
2) Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi;
3)
Azərbaycan Respublikası vətəndaşının pasportu.
Maddə 7. Nikah bağlandıqda
və pozulduqda vətəndaşlığın saxlanması
Azərbaycan
Respublikasının vətəndaşı olan kişi və ya qadın əcnəbi ilə və ya vətəndaşlığı
olmayan şəxslə nikah bağlaması və ya nikahı pozması ər və arvadın
vətəndaşlığının dəyişməsinə səbəb olmur.
Ərin
(arvadın) vətəndaşlığının dəyişməsi arvadın (ərin) vətəndaşlığının dəyişməsinə
səbəb olmur.
Maddə 8. Azərbaycan
Respublikasının ərazisindən kənarda yaşayan şəxslərin Azərbaycan Respublikası
vətəndaşlığını saxlaması
Azərbaycan
Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşaması Azərbaycan
Respublikası vətəndaşlığının xitamına səbəb olmur.
Maddə 9. Azərbaycan
Respublikasının ərazisindən kənarda yaşayan Azərbaycan Respublikası
vətəndaşlarının Azərbaycan dövləti tərəfindən müdafiəsi
Azərbaycan
Respublikasının dövlət orqanları, xarici dövlətlərdəki və beynəlxalq
təşkilatlardakı diplomatik nümayəndəlikləri və konsulluqları, habelə onların
vəzifəli şəxsləri Azərbaycan Respublikasının ərazisindən kənarda müvəqqəti və
ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq sənədlərin, xarici dövlətin
qanunvericiliyinə, Azərbaycan Respublikası ilə Azərbaycan Respublikası
vətəndaşlarının yaşadığı dövlət arasında bağlanmış müqavilələrə, habelə
beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş bütün hüquqlardan tam həcmdə
istifadə edə bilmələri üçün tədbirlər görməyə, qanunvericiliklə
müəyyənləşdirilmiş qaydada onların qanunla qorunan hüquq və mənafelərini
müdafiə etməyə, zərurət olduqda isə Azərbaycan Respublikası vətəndaşlarının
pozulmuş hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar.
Maddə 10. Azərbaycan
Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin
tanınmaması
Azərbaycan
Respublikasının vətəndaşı olan şəxsin xarici dövlətin vətəndaşlığına
mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə
tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq
surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
İkinci fəsil. Azərbaycan
Respublikası vətəndaşlığının əldə edilməsi və bərpasıMaddə 11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları
Şəxs
Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir:
1)
Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının
vətəndaşından doğulduqda;
2)
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə;
3)
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar
olduqda;
4) bu
qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda.
Maddə 12. Vətəndaşlığı
olmayan şəxslərin uşaqlarının Azərbaycan Respublikası vətəndaşlığını əldə
etməsi
Vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan
Respublikasının vətəndaşıdır.
Maddə 13. Valideynləri
naməlum uşaqların vətəndaşlığı
Azərbaycan
Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaq Azərbaycan
Respublikasının vətəndaşıdır.
Maddə 14. Azərbaycan
Respublikasının vətəndaşlığına qəbul
Azərbaycan
Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi
olan, Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik
götürən, habelə Azərbaycan
Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və
vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən,
cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən
asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan
Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının
ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada
daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır.
Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda
fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini
üç aydan çox olmayan müddətə tərk etmiş olsun.
Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu
maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan
Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:
1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək
nailiyyətləri olduqda;
2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər
müstəsna hallarda.
Bu hallarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan
Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra
hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır.
Şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda
o, bu maddənin birinci hissəsində göstərilən şərtlər nəzərə alınmadan
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Azərbaycan
Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının
Konstitusiyası ilə
təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan
Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət
təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya
mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli
müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa,
vətəndaşlığa qəbul haqqında vəsatəti rədd edilir.
Azərbaycan
Respublikası vətəndaşlığına qəbul haqqında qərar Azərbaycan Respublikası
Konstitusiyasının
109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur.
Azərbaycan
Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və
məbləğdə dövlət rüsumu ödəyir.
Maddə 15. Azərbaycan
Respublikasının vətəndaşlığına bərpa
Əvvəllər
Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası
vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, bu qanunun 14-cü
maddəsinin ikinci hissəsində sadalanmış məhdudiyyətlər nəzərə alınmaqla
Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər.
Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət
qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
qaydada və məbləğdə dövlət rüsumu ödəyir.
Üçüncü fəsil. Azərbaycan
Respublikasının vətəndaşlığına xitam verilməsiMaddə 16. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi üçün əsaslar
Azərbaycan
Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir:
1)
Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində;
2)
Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində;
3)
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar
olduqda;
4) bu
qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda.
Azərbaycan
Respublikası vətəndaşlığına xitam verilməsi haqqında qərar Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə
qəbul olunur.
Maddə 17. Azərbaycan
Respublikasının vətəndaşlığından çıxma
Azərbaycan
Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada
şəxsin vəsatəti üzrə həyata keçirilir.
Azərbaycan
Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin
dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında
hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa,
vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər.
Azərbaycan
Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs
müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni
qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin
Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının
dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər
vətəndaşlıqdan çıxmağa yol verilmir.
Azərbaycan
Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və
məbləğdə dövlət rüsumu ödəyir.
Maddə 18. Azərbaycan
Respublikası vətəndaşlığının itirilməsi
Şəxs
Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün
zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişsə,
əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.
Dördüncü fəsil.
Valideynlərin vətəndaşlığı dəyişdikdə və övladlığa götürüldükdə uşaqların
vətəndaşlığıMaddə 19. Valideynlərin vətəndaşlığı dəyişdikdə uşaqların vətəndaşlığının dəyişməsi
Valideynlərin
vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan
Respublikasının vətəndaşlığını əldə etdikdə, onların 14 yaşına çatmamış
uşaqları da Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olurlar.
Uşağın
valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının
vətəndaşlığını əldə etdikdə, onun 14 yaşına çatmamış uşağı da Azərbaycan
Respublikasının vətəndaşlığını əldə etmiş olur.
Maddə 20. Üzərində
qəyyumluq və ya himayəçilik müəyyən edilmiş uşağın Azərbaycan Respublikası
vətəndaşlığının saxlanması
Azərbaycan
Respublikasının ərazisində yaşayan uşağın hər iki valideyni və ya yeganə
valideyni Azərbaycan Respublikasının vətəndaşlığından çıxırsa, həm də üzərində
Azərbaycan Respublikası vətəndaşlarının qəyyumluğu və ya himayəçiliyi müəyyən
edilmiş uşağın böyüdülməsində iştirak etmirsə, valideynlərin, qəyyumun və
himayəçinin vəsatəti ilə uşaq Azərbaycan Respublikasının vətəndaşlığını
saxlayır.
Maddə 21. Valideynlərdən
biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə uşaqların
Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi
Valideynlərdən
biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə
əcnəbidirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş
valideynin vəsatəti və əcnəbi valideynin razılığı ilə Azərbaycan
Respublikasının vətəndaşlığını əldə edə bilər.
Azərbaycan
Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan
Respublikasının vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə vətəndaşlığı
olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir.
Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaşayan uşağın valideynlərindən biri
Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə
vətəndaşlığı olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını
əldə etmiş valideynin vəsatəti və vətəndaşlığı olmayan valideynin razılığı ilə
Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
Maddə 22. Valideynlərdən
birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə uşaqların
Azərbaycan Respublikası vətəndaşlığını saxlaması
Valideynlərdən
birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilirsə, digəri isə
Azərbaycan Respublikası vətəndaşlığında qalırsa, uşaq Azərbaycan Respublikası
vətəndaşlığını saxlayır. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilən
valideynin vəsatəti və Azərbaycan Respublikası vətəndaşlığında qalan valideynin
razılığı ilə uşağın Azərbaycan Respublikası vətəndaşlığından çıxmasına icazə
verilə bilər.
Maddə 23. Övladlığa
götürüldükdə uşaqların Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi
Azərbaycan
Respublikasının vətəndaşları əcnəbi uşağı və ya vətəndaşlığı olmayan uşağı
övladlığa götürürlərsə, həmin uşaq Azərbaycan Respublikasının vətəndaşlığını
əldə edir.
Əcnəbi uşağı
övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa,
digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq Azərbaycan
Respublikasının vətəndaşlığını əldə etmiş olur.
Əcnəbi uşağı
övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa,
digəri isə əcnəbidirsə, həmin uşaq övladlığa götürənlərin razılığı ilə
Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
Vətəndaşlığı
olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının
vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq
Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olur.
Vətəndaşlığı
olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının
vətəndaşıdırsa, digəri isə əcnəbidirsə, həmin uşaq övladlığa götürənlərin
razılığı ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
Maddə 24. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə uşaqların vətəndaşlığının
müəyyən edilməsi
Əcnəbilər
Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürdükdə onların
vəsatəti əsasında həmin uşağın Azərbaycan Respublikası vətəndaşlığına xitam
verilir.
Azərbaycan
Respublikasının vətəndaşı olan uşağı övladlığa götürən ər-arvaddan biri
Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə əcnəbidirsə, övladlığa
götürülən uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlayır. Övladlığa
götürənlərin vəsatəti ilə uşaq Azərbaycan Respublikası vətəndaşlığından çıxa
bilər.
Azərbaycan
Respublikasının vətəndaşı olan uşağı övladlığa götürən ər-arvadın hər ikisi
vətəndaşlığı olmayan şəxsdirsə, yaxud biri Azərbaycan Respublikasının
vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq
Azərbaycan Respublikasının vətəndaşlığını saxlayır.
Maddə 25. Uşaqların
vətəndaşlığının dəyişməsi üçün onların razılığının zəruriliyi
Bu qanunun 19
— 24-cü maddələrində nəzərdə tutulmuş hallarda 14 yaşından 18 yaşınadək
uşaqların vətəndaşlığı yalnız onların razılığı ilə dəyişə bilər.
Beşinci fəsil. Vətəndaşlıq
məsələləri ilə bağlı beynəlxalq hüquq normalarının qüvvəsiMaddə 26. Vətəndaşlıq məsələləri ilə bağlı beynəlxalq hüquq normalarının qüvvəsi
Bu qanunla Azərbaycan Respublikasının
beynəlxalq müqavilələri arasında ziddiyyət yaranarsa, həmin müqavilələr tətbiq
edilir.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər
ƏLİYEV
Bakı
şəhəri, 30 sentyabr 1998-ci il
№
527-IQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (07 oktyabr 1998-ci il, № 231).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 1998-ci il, № 10, maddə 607)
30
sentyabr 2005-ci il tarixli, 1021-IIQD nömrəli; 24 iyun 2008-ci il tarixli, 658-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə
Facebook Comments Plugin by Hüquqşünasların Məkanı
No comments:
Post a Comment