Dövlət
sirri haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasının təhlükəsizliyini
təmin etmək məqsədi ilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və
istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar
yaranan münasibətləri tənzimləyir.
Maddə 1. Əsas anlayışlar
1.0.1. dövlət sirri—dövlətin hərbi, xarici-siyasi,
iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı
olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının
təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır;
1.0.2. dövlət sirri təşkil edən məlumatların
daşıyıcıları—dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar,
siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər,
o cümlədən fiziki sahələrdir;
1.0.3. dövlət sirrinin mühafizəsi sistemi—dövlət
sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların
daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və
metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur;
1.0.4. dövlət sirri ilə işləməyə buraxılma—vətəndaşların
dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa, müəssisə, idarə və təşkilatların
isə belə məlumatlardan istifadə etməklə işlərin icrasına buraxılması hüququnun
rəsmiləşdirilməsi qaydasıdır;
1.0.5. dövlət sirri təşkil edən məlumatlarla tanış
olmağa buraxılma—səlahiyyətli vəzifəli şəxsin icazəsi ilə konkret şəxsin dövlət
sirri təşkil edən məlumatlarla tanış olması qaydasıdır;
1.0.6. məxfilik qrifi—məlumat daşıyıcısının özündə
və ya ona qoşulan sənədlərdə qoyulan, daşıyıcısı olduğu məlumatın məxfilik dərəcəsini
göstərən rekvizitlərdir;
1.0.7. informasiyasını mühafizə vasitələri—dövlət
sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulan texniki,
kriptoqrafik, proqramlı və başqa vasitələr, onların əks olunduğu vasitələr,
habelə məlumatın mühafizəsinin səmərəliliyinə nəzarət vasitələridir;
1.0.8. dövlət sirri təşkil edən məlumatların
siyahısı—müvafiqliyinə görə məlumatların qanunvericiliklə müəyyən olunmuş əsaslarla
və qaydada dövlət sirrinə aid edildiyi və məxfiləşdirildiyi məlumat qruplarının
məcmusudur.
Maddə
2. Dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Dövlət sirri haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından,
bu qanundan və Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarından
ibarətdir.
Maddə
3. Qanunun təsir dairəsi
3.1. Bu qanunun müddəaları Azərbaycan
Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan
Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi
formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatları,
dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini
yerinə yetirmək öhdəliyi götürmüş və ya statusuna görə buna borclu olan Azərbaycan
Respublikasının vəzifəli şəxsləri və vətəndaşları, əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər tərəfindən hökmən icra edilməlidir.
3.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində
başqa hal nəzərdə tutulmadıqda, digər dövlətlər tərəfindən Azərbaycan
Respublikasına verilmiş dövlət sirri təşkil edən məlumatlar bu qanuna müvafiq
mühafizə edilir.
Maddə
4. Dövlət hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin məlumatların dövlət
sirrinə aid edilməsi və mühafizəsi sahəsində səlahiyyətləri
4.1. Azərbaycan Respublikası Milli Məclisinin məlumatların
dövlət sirrinə aid edilməsi və mühafizəsi sahəsində vəzifələri aşağıdakılardır:
4.1.1. dövlət sirrinin mühafizəsi sahəsində dövlət
proqramlarının həyata keçirilməsi üzrə dövlət büdcəsindən yönəldilən vəsaitə
baxır;
4.1.2. dövlət sirrinin mühafizəsi üzrə Milli Məclis
Aparatının vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyən edir.
4.2. Müvafiq
icra hakimiyyəti orqanının məlumatların dövlət sirrinə aid edilməsi və
mühafizəsi sahəsində səlahiyyətləri aşağıdakılardır:
4.2.1. dövlət sirrinin mühafizəsi sahəsində dövlət
proqramlarını təsdiq edir;
4.2.2. dövlət sirrinin mühafizəsi üzrə müvafiq
icra hakimiyyəti orqanının tərkibini, strukturunu və əsasnaməsini təsdiq
edir;
4.2.3. dövlət sirrinə aid edilən məlumatların
siyahısını təsdiq edir;
4.2.4. dövlət sirri təşkil edən məlumatların birgə
istifadəsi və mühafizəsi haqqında Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini
bağlayır;
4.2.5. müvafiq
icra hakimiyyəti orqanı aparatının vəzifəli şəxslərinin dövlət sirrinin
mühafizəsi üzrə səlahiyyətlərini müəyyən edir;
4.2.6. öz səlahiyyətləri daxilində məlumatların
dövlət sirrinə aid edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin
açılması və mühafizəsi ilə əlaqədar yaranmış digər məsələləri həll edir.
4.3. Müvafiq
icra hakimiyyəti orqanının məlumatların dövlət sirrinə aid edilməsi və
mühafizəsi sahəsində səlahiyyətləri aşağıdakılardır:
4.3.1. bu qanunun icrasını təşkil edir;
4.3.2. dövlət sirrinin mühafizəsi sahəsində dövlət
proqramlarının işlənib hazırlanmasını və yerinə yetirilməsini təşkil edir;
4.3.3. beynəlxalq müqavilələrin bağlanması
haqqında müvafiq təkliflər verir, dövlət sirri təşkil edən məlumatların birgə
istifadəsi və mühafizəsi haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin yerinə yetirilməsi üzrə tədbirlər görür, dövlət sirri
təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara
verilməsinin mümkünlüyü barədə qərar qəbul edir;
4.3.4. öz səlahiyyətləri daxilində məlumatların
dövlət sirrinə aid edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin
açılması və mühafizəsi ilə əlaqədar yaranmış digər məsələləri həll edir.
4.4. Dövlət sirrini mühafizə orqanları ilə
qarşılıqlı fəaliyyətdə müvafiq
icra hakimiyyəti orqanlarının məlumatların dövlət sirrinə aid edilməsi və
mühafizəsi sahəsində səlahiyyətləri aşağıdakılardır:
4.4.1. digər dövlət hakimiyyəti və yerli özünüidarə
orqanları, müəssisə, idarə və təşkilatlar tərəfindən onlara verilmiş dövlət
sirri təşkil edən məlumatların, həmçinin onlar tərəfindən məxfiləşdirilmiş məlumatların
mühafizəsini təmin edirlər;
4.4.2. onların tabeliyində olan müəssisə, idarə və
təşkilatlarda dövlət sirrinin mühafizəsini Azərbaycan Respublikası
qanunvericiliyinin tələblərinə müvafiq təmin edirlər;
4.4.3. dövlət sirri ilə işləməyə buraxılan vətəndaşlar
barədə öz səlahiyyətləri daxilində yoxlama tədbirlərinin keçirilməsini təmin
edirlər;
4.4.4. dövlət sirri təşkil edən məlumatlarla tanış
olmağa buraxılan və ya buraxılmış şəxslərin əmək haqqına əlavələrin verilməsi
və vətəndaşların hüquqlarının məhdudlaşdırılması üzrə qanunvericiliklə nəzərdə
tutulmuş tədbirləri həyata keçirirlər;
4.4.5. dövlət sirrinin mühafizəsi sisteminin təkmilləşdirilməsinə
dair müvafiq dövlət hakimiyyəti orqanlarına təkliflər verirlər.
4.5. Məhkəmə hakimiyyəti orqanlarının məlumatların
dövlət sirrinə aid edilməsi və mühafizəsi sahəsində səlahiyyətləri
aşağıdakılardır:
4.5.1. dövlət sirri haqqında Azərbaycan
Respublikası qanunvericiliyinin pozulması üzrə işlərə baxırlar;
4.5.2. göstərilən işlərə baxılması prosesində dövlət
sirrinin mühafizəsini təmin edirlər;
4.5.3. məhkəmə hakimiyyəti orqanlarında vəzifəli şəxslərin
dövlət sirrinin mühafizəsi üzrə səlahiyyətlərini müəyyən edirlər.
Maddə
5. Dövlət sirri təşkil edən məlumatların siyahısı
5.1. Hərbi sahədə aşağıdakı məlumatlar dövlət
sirrini təşkil edir:
5.1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin,
başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər
qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların
hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə
dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik
ehtiyatlarının yaradılması və istifadəsi haqqında;
5.1.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər
silahlı birləşmələrinin quruculuq planları, silahların və hərbi texnikanın
inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və
modernləşdirilməsi üzrə məqsədli proqramların, elmi-tədqiqat və təcrübi-konstruktor
işlərinin məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında;
5.1.3. silah və hərbi texnika nümunələrinin
taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı
yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları
haqqında;
5.1.4. milli təhlükəsizlik və müdafiə mülahizələrinə
görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və
müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün
torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında;
5.1.5. qoşunların dislokasiyası, həqiqi adları, təşkilati
strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi
və ya əməliyyat şəraiti haqqında;
5.1.6. Azərbaycan Respublikası ərazisinin müdafiə
və mühüm iqtisadi əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin
koordinatları haqqında.
5.2. İqtisadi sahədə aşağıdakı məlumatlar dövlət
sirrini təşkil edir:
5.2.1. Azərbaycan Respublikasının və onun
ayrı-ayrı bölgələrinin mümkün hərbi əməliyyatlara hazırlıq planlarının məzmunu,
silah və hərbi texnikanın istehsalı və təmiri üzrə sənayenin səfərbərlik gücü,
hərbi sahədə istifadə edilən xammal və materialların strateji növlərinin göndərilməsi
həcmi, ehtiyatları, həmçinin dövlət material ehtiyatlarının yerləşdirilməsi,
faktik həcmi və istifadəsi haqqında;
5.2.2. Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin
və təhlükəsizliyinin təmin olunması məqsədi ilə onun infrastrukturundan istifadə
olunması haqqında;
5.2.3. mülki müdafiə qüvvələri və vasitələri,
inzibati idarəetmə obyektlərinin dislokasiyası, təyinatı və müdafiə olunma dərəcəsi,
əhalinin təhlükəsizliyinin təmin olunma dərəcəsi, dövlətin təhlükəsizliyinin təmin
olunması üçün nəzərdə tutulan nəqliyyat və rabitənin fəaliyyəti haqqında;
5.2.4. dövlət müdafiə sifarişlərinin həcmləri,
planları (tapşırıqları), silah, hərbi texnika və digər hərbi məhsulların
buraxılması və göndərilməsi (pul və ya natura ifadəsində), onların buraxılışı
üzrə mövcud güc və bu gücün artırılması haqqında, göstərilən silah, hərbi
texnika və digər hərbi məhsulları işləyib hazırlayan və ya istehsal edən müəssisələr,
onların kooperasiya üzrə əlaqələri haqqında;
5.2.5. dövlətin təhlükəsizliyinə təsir edən mühüm
müdafiə və ya iqtisadi əhəmiyyəti olan elmi və texniki nailiyyətlər, elmi-tədqiqat,
təcrübi-konstruktor, layihə işləri və texnologiyaları haqqında;
5.2.6. siyahısı qanunvericiliklə müəyyənləşdirilən
strateji növlü faydalı qazıntıların ehtiyatlarının, istehsalının, idxalı və
ixracının, satışının həcmi, dövlət ehtiyatları haqqında, pul əskinazlarının,
qiymətli kağızların hazırlanması, saxtalaşdırmadan qorunması, həmçinin dövlətin
maliyyə fəaliyyətinin digər xüsusi tədbirləri haqqında.
5.3. Xarici siyasət sahəsində aşağıdakı məlumatlar
dövlət sirrini təşkil edir:
5.3.1. Azərbaycan Respublikasının xarici-siyasi və
xarici-iqtisadi fəaliyyəti haqqında, əgər onların vaxtından əvvəl açıqlanması
dövlətin təhlükəsizliyinə ziyan vura bilərsə;
5.3.2. Azərbaycan Respublikasının digər dövlətlərlə
hərbi, elmi-texniki və başqa sahələrdə əməkdaşlığı haqqında, əgər onların
vaxtından əvvəl açıqlanması tərəflərdən heç olmasa biri üçün diplomatik fəaliyyətinin
həyata keçirilməsində çətinlik yaranmasına səbəb ola bilərsə.
5.4. Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış
fəaliyyəti sahəsində məlumatlar:
5.4.1. kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış
fəaliyyətinin qüvvə və vasitələri, mənbələri, metodları, planları və nəticələri
haqqında, habelə bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər
bu göstəricilər sadalanan məlumatları açıqlayırsa;
5.4.2. kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış
fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və
əməkdaşlıq etmiş şəxslər haqqında;
5.4.3. dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin
təmin olunmasının təşkili, qüvvə və vasitələri, metodları haqqında, habelə bu fəaliyyətin
maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər bu göstəricilər sadalanan məlumatları
açıqlayırsa;
5.4.4. şifrlənmiş, o cümlədən kodlaşdırılmış və məxfiləşdirilmiş
rabitə sistemləri haqqında, şifrlər, şifrlərin işlənməsi və hazırlanması,
onlarla təminat, şifrləmə və xüsusi mühafizə vasitələri haqqında, xüsusi təyinatlı
informasiya-analitik sistemləri haqqında;
5.4.5. məxfi məlumatların mühafizəsi metodları və
vasitələri haqqında;
5.4.6. dövlət sirrinin mühafizəsinin təşkili və
faktiki vəziyyəti haqqında;
5.4.7. Azərbaycan Respublikasının dövlət sərhədinin
mühafizəsi haqqında;
5.4.8. Azərbaycan Respublikasında dövlətin müdafiəsinin,
təhlükəsizliyinin və hüquq-mühafizə fəaliyyətinin təmin olunması ilə əlaqədar
dövlət büdcəsinin xərcləri haqqında;
5.4.9. dövlətin təhlükəsizliyinin təmin olunması məqsədilə
keçirilən tədbirləri açıqlayan kadr hazırlığı haqqında.
II fəsil.
Məlumatların dövlət sirrinə aid edilməsi, onların məxfiləşdirilməsi və məxfiliyinin
açılmasıMaddə 6. Məlumatların dövlət sirrinə aid edilməsinin və məxfiləşdirilməsinin prinsipləri
6.1. Məlumatların dövlət sirrinə aid edilməsi və
onların məxfiləşdirilməsi—dövlət sirri təşkil edən məlumatların yayılmasına və
onların daşıyıcıları ilə tanış olmağa buraxılmağa bu qanunla nəzərdə tutulmuş
qaydada məhdudiyyətlərin qoyulmasıdır.
6.2. Məlumatların dövlət sirrinə aid edilməsi və
onların məxfiləşdirilməsi qanunilik, əsaslılıq və vaxtında həyata keçirilməsi
prinsipləri ilə tənzimlənir.
6.3. Məlumatların dövlət sirrinə aid edilməsinin və
onların məxfiləşdirilməsinin qanuniliyi—dövlət sirrinə aid edilən və məxfiləşdirilən
məlumatların bu qanunun 5-ci və 7-ci maddələrinin müddəalarına və Azərbaycan
Respublikasının dövlət sirri haqqında qanunvericiliyinə müvafiqliyidir.
6.4. Məlumatların dövlət sirrinə aid edilməsinin və
onların məxfiləşdirilməsinin əsaslılığı—dövlətin, cəmiyyətin və vətəndaşların həyati
maraqlarının balansı nəzərə alınmaqla, konkret məlumatın dövlət sirrinə aid
edilməsinin və məxfiləşdirilməsinin mümkün iqtisadi, siyasi, hərbi və digər nəticələrinin
ekspertlər tərəfindən qiymətləndirilməsi yolu ilə məqsədəuyğunluğunun müəyyənləşdirilməsidir.
6.5. Məlumatların vaxtında dövlət sirrinə aid edilməsi
və onların məxfiləşdirilməsi—bu məlumatların yayılmasına və onların
daşıyıcıları ilə tanış olmağa buraxılmağa qabaqcadan və ya onların əldə
edildiyi (hazırlandığı) andan məhdudiyyət qoyulmasıdır.
6.6. Məlumatların dövlət sirrinə aid edilməsi
qaydalarını müvafiq
icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə
7. Dövlət sirrinə aid edilməyən və məxfiləşdirilməyən məlumatlar
7.0. Aşağıdakı məlumatlar dövlət sirrinə aid
edilmir və məxfiləşdirilmir:
7.0.1. insanların həyat və sağlamlığı üçün təhlükə
törədən fövqəladə hadisələr və qəzalar, onların nəticələri, habelə təbii fəlakətlər,
onların rəsmi proqnozları və nəticələri haqqında;
7.0.2. ekologiya, səhiyyə, sanitariya,
demoqrafiya, təhsil, mədəniyyət və kənd təsərrüfatının, habelə cinayətkarlığın
vəziyyəti haqqında;
7.0.3. dövlətin vətəndaşlara, vəzifəli şəxslərə,
müəssisə, idarə və təşkilatlara verdiyi imtiyazlar, güzəştlər və
kompensasiyalar haqqında;
7.0.4. insan və vətəndaş hüquqlarının və azadlıqlarının
pozulması faktları haqqında;
7.0.5. Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin
səhhəti haqqında;
7.0.6. dövlət hakimiyyəti orqanları və onların vəzifəli
şəxsləri tərəfindən qanunvericiliyin pozulması faktları haqqında.
Maddə
8. Məlumatların məxfilik dərəcələri və bu məlumatların daşıyıcılarının məxfilik
qrifləri
8.1. Dövlət sirri təşkil edən məlumatların məxfilik
dərəcəsi, bu məlumatların yayılması nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə
vurula bilən ziyanın ağırlıq dərəcəsinə uyğun gəlməlidir.
8.2. Dövlət sirri təşkil edən məlumatların üç məxfilik
dərəcəsi və müvafiq olaraq, bu məlumatların daşıyıcıları üçün üç məxfilik qrifi
müəyyənləşdirilir: «xüsusi əhəmiyyətli», «tam məxfi» və «məxfi».
Maddə
9. Məlumatların dövlət sirrinə aid edilməsi qaydası
9.1. Məlumatlar onların sahə, idarə və ya məqsədli
proqram mənsubiyyətinə, habelə bu qanuna uyğun olaraq dövlət sirrinə aid
edilir.
9.2. Məlumatların məxfiləşdirilməsi sahəsində vahid
dövlət siyasətini həyata keçirmək üçün müvafiq
icra hakimiyyəti orqanı bu qanunla müəyyən olunmuş dövlət sirri təşkil edən
məlumatlar siyahısına və məlumatların dövlət sirrinə aid edilməsi və məxfiləşdirilməsi
prinsipinə uyğun olaraq, habelə dövlət hakimiyyəti orqanlarının təklifləri nəzərə
alınmaqla, dövlət sirrinə aid edilən məlumatların siyahısını tərtib edir.
Siyahıda həmin məlumatlar barəsində sərəncam vermək səlahiyyətinə malik olan
dövlət hakimiyyəti orqanları göstərilir. Siyahı onu təsdiq edən müvafiq
icra hakimiyyəti orqanının qərarı ilə dərc edilir və zəruri hallarda
siyahıya yenidən baxılır.
9.3. Dövlət sirrinə aid edilən məlumatlar barəsində
sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanları dövlət sirrinə
aid edilən məlumatlar siyahısına uyğun olaraq, məxfiləşdirilməli məlumatların
geniş siyahılarını tərtib edir və bu siyahılara daxil edilmiş məlumatların məxfilik
dərəcələrini müəyyənləşdirir.
9.4. Silah və hərbi texnika nümunələrinin
hazırlanmasına və modernləşdirilməsinə dair məqsədli proqramlar, elmi-tədqiqat
və təcrübi-konstruktor işləri çərçivəsində işlərin sifarişçilərinin qərarı ilə
məxfiləşdirilməli məlumatların ayrıca siyahıları tərtib edilə bilər. Bu
siyahıları müvafiq dövlət hakimiyyəti orqanlarının rəhbərləri təsdiq edirlər.
Siyahıların məxfiləşdirilməsinin məqsədəuyğunluğu onların məzmunu ilə müəyyənləşdirilir.
Maddə
10. Məlumatların və onların daşıyıcılarının məxfiləşdirilməsi qaydası
10.1. Dövlət hakimiyyəti orqanlarının, müəssisə,
idarə və təşkilatların idarəetmə, istehsal, elmi və başqa fəaliyyəti nəticəsində
əldə edilmiş (hazırlanmış) məlumatların və onların daşıyıcılarının məxfiləşdirilməsi
üçün əsas—onların həmin orqan, müəssisə, idarə və ya təşkilatda qüvvədə olan məxfiləşdirilməli
məlumatlar siyahısına uyğun gəlməsidir. Bu məlumatlar məxfiləşdirilərkən
onların daşıyıcılarına müvafiq məxfilik qrifi verilir.
10.2. Əldə edilmiş (hazırlanmış) məlumatların qüvvədə
olan siyahıdakı məlumatlarla eyniləşdirilməsi mümkün olmadıqda, dövlət hakimiyyəti
orqanlarının, müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri əldə edilmiş
(hazırlanmış) məlumatların ehtimal olunan məxfilik dərəcəsinə müvafiq surətdə
ilkin qaydada məxfiləşdirilməsini təmin etməli və siyahını təsdiq etmiş dövlət
hakimiyyəti orqanına həmin siyahıya əlavə (dəyişiklik) etmək haqqında bir ay ərzində
təklif göndərməlidir.
10.3. Qüvvədə olan siyahını təsdiq etmiş dövlət
hakimiyyəti orqanı daxil olmuş təkliflərin üç ay ərzində ekspertizasını təşkil
etməli və qüvvədə olan siyahıya əlavə (dəyişiklik) edilməsi və ya məlumatlara
ilkin qaydada verilmiş məxfiliyin götürülməsi barədə qərar qəbul etməlidir.
Maddə
11. Məlumatın məxfiləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası vətəndaşlarının,
müəssisə, idarə və təşkilatlarının həmin məlumat üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması
11.1. Vətəndaşların, müəssisə, idarə və təşkilatların
(bundan sonra «məlumat mülkiyyətçisi») mülkiyyətində olan məlumat dövlət sirrinə
aid edilən məlumatlar siyahısında sadalanmış olduqda, bu qanunun 9-cu maddəsində
nəzərdə tutulmuş qaydada dövlət sirrinə aid edilən məlumatlar barəsində sərəncam
vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanı həmin məlumatın məxfiləşdirilməsi
haqqında qərar qəbul edə bilər. Göstərilən məlumat onun mülkiyyətçisinin və ya
müvafiq dövlət hakimiyyəti orqanlarının təqdimatı əsasında məxfiləşdirilir.
11.2. Məlumatın məxfiləşdirilməsi ilə əlaqədar onun
mülkiyyətçisinə dəyən ziyanın əvəzi məlumatın sərəncamına keçdiyi dövlət
hakimiyyəti orqanı ilə məlumat mülkiyyətçisi arasında bağlanan müqavilədə müəyyənləşdirilmiş
məbləğdə dövlət tərəfindən ödənilir. Müqavilədə məlumat mülkiyyətçisinin onu
yaymayacağı haqqında öhdəliyi də nəzərdə tutulur. Məlumat mülkiyyətçisi müqaviləni
imzalamaqdan imtina etdikdə, ona dövlət sirri təşkil edən məlumatları icazəsiz
yaymağa görə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barəsində
xəbərdarlıq edilir.
11.3. Xarici təşkilatların və əcnəbilərin məlumat
üzərində mülkiyyət hüququ məhdudlaşdırıla bilməz, bu şərtlə ki, həmin məlumatı
onlar Azərbaycan Respublikasının qanunvericiliyini pozmadan əldə etmiş
(hazırlamış) olsunlar.
Maddə
12. Dövlət sirri təşkil edən məlumat daşıyıcılarının rekvizitləri
12.1. Dövlət sirri təşkil edən məlumat
daşıyıcılarına rekvizitlər verilir. Rekvizitlərdə aşağıdakılar göstərilir:
12.1.1. müvafiq dövlət hakimiyyəti orqanında, müəssisə,
idarə və ya təşkilatda qüvvədə olan məxfiləşdirilməli məlumatlar siyahısının
müvafiq bəndinə istinadla, daşıyıcıdakı məlumatların məxfilik dərəcəsi;
12.1.2. daşıyıcını məxfiləşdirən dövlət hakimiyyəti
orqanı, müəssisə, idarə, təşkilatın adı;
12.1.3. qeydiyyat nömrəsi;
12.1.4. məlumatların məxfiliyinin açılması tarixi
və ya şərti, yaxud buna səbəb ola biləcək hadisə.
12.2. Bu rekvizitləri məlumat daşıyıcısında əks
etdirmək mümkün olmadıqda, onlar daşıyıcıya qoşulan sənədlərdə göstərilir.
12.3. Daşıyıcı məxfilik dərəcəsi müxtəlif olan tərkib
hissələrindən ibarətdirsə, onların hər birinə müvafiq məxfilik qrifi, bütövlükdə
daşıyıcıya isə bu daşıyıcıda ən yüksək məxfilik dərəcəsi olan tərkib hissəsinin
məxfilik qrifi verilir.
12.4. Bu qanunun 12.1-ci maddəsində göstərilən
rekvizitlərdən başqa, daşıyıcıya və (və ya) ona qoşulan sənədlərə vəzifəli şəxslərin
onunla tanış olmaq səlahiyyəti barədə əlavə qeydləri də qoyula bilər. Belə
qeydlərin növləri və qoyulması bu qanunun 26-cı maddəsində nəzərdə tutulmuş vəzifəli
şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa
buraxılması qaydası ilə müəyyənləşdirilir.
Maddə
13. Məlumatların məxfiliyinin açılması qaydası
13.1. Məlumatların və məlumat daşıyıcılarının məxfiliyinin
açılması dövlət sirri təşkil edən məlumatların yayılmasına və onların
daşıyıcıları ilə tanış olmağa buraxılmağa bu qanunla nəzərdə tutulmuş qaydada
qoyulmuş məhdudiyyətlərin götürülməsidir.
13.2. Məlumatların məxfiliyinin açılması üçün əsaslar
aşağıdakılardır:
13.2.1. məxfilik müddətinin bitməsi;
13.2.2. Azərbaycan Respublikasında dövlət sirri təşkil
edən məlumatların açıq mübadiləsi sahəsində Azərbaycan Respublikasının beynəlxalq
öhdəliklər götürməsi;
13.2.3. obyektiv halların dəyişməsi nəticəsində
dövlət sirri təşkil edən məlumatların mühafizəsinin məqsədəuyğunluğunun aradan
qalxması.
13.3. Dövlət sirri təşkil edən məlumatların məxfilik
müddəti 30 ildən artıq olmamalıdır. Bu müddət müvafiq
icra hakimiyyəti orqanının rəyi ilə uzadıla bilər.
13.4. Dövlət sirrinə aid edilən məlumatlar barəsində
sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanları
vaxtaşırı, lakin 5 ildə azı bir dəfə dövlət hakimiyyəti orqanlarında, müəssisə,
idarə və təşkilatlarda qüvvədə olan məxfiləşdirilməli məlumatların siyahılarına
yenidən baxaraq, məlumatların məxfiləşdirilməsinin əsaslılığını və onların əvvəllər
müəyyənləşdirilmiş məxfilik dərəcəsinə uyğunluğunu yoxlamalıdırlar.
13.5. Dövlət hakimiyyəti orqanlarında, müəssisə,
idarə və təşkilatlarda qüvvədə olan məxfiləşdirilməli məlumatlar siyahısına dəyişiklik
etmək hüququ həmin siyahıları təsdiq edən dövlət hakimiyyəti orqanlarının rəhbərlərinə
verilir. Göstərilən rəhbərlərin məxfiləşdirilməli məlumatlar siyahısı üzrə qəbul
etdikləri qərarlar dövlət sirrinə aid edilən məlumatlar siyahısına dəyişiklik
edilməsi ilə bağlı olduqda, belə qərarlar müvafiq
icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Həmin orqanın bu qərarların
icrasını dayandırmaq və onlara etiraz etmək hüququ vardır.
Maddə
14. Dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfiliyinin açılması
qaydası
14.1. Dövlət sirri təşkil edən məlumat
daşıyıcılarının məxfiliyi onların məxfiləşdirildiyi zaman müəyyənləşdirilmiş
müddətdə (bu qanunun 13-cü maddəsində göstərilən hallar istisna olmaqla)
götürülməlidir.
14.2. Müvafiq dövlət hakimiyyəti orqanında, müəssisə,
idarə və təşkilatlarda məlumat daşıyıcıları məxfiləşdirilərkən əsas götürülmüş
siyahının müddəaları dəyişərsə, daşıyıcıların məxfiliyi həmin müddət bitənədək
açılmalıdır.
14.3. Müstəsna hallarda dövlət sirri təşkil edən məlumat
daşıyıcılarının əvvəl müəyyənləşdirilmiş məxfilik müddətini uzatmaq hüququ,
dövlət sirrinə aid edilən məlumatlar barəsində sərəncam vermək səlahiyyətinə
malik olan müvafiq dövlət hakimiyyəti orqanlarının rəhbərlərinə verilir. Belə qərarları
həmin rəhbərlər müəyyənləşdirilmiş qaydada təyin etdikləri ekspert
komissiyasının rəyi əsasında qəbul edirlər.
14.4. Dövlət hakimiyyəti orqanlarının, müəssisə,
idarə və təşkilatların rəhbərlərinə onların tabeliyində olan vəzifəli şəxslərin
əsassız məxfiləşdirdikləri məlumatların məxfiliyini açmaq səlahiyyəti verilir.
14.5. Azərbaycan Respublikası dövlət arxivlərinin rəhbərlərinə
fondyaradıcı təşkilat və ya onun hüquqi varisi tərəfindən həmin arxivlərin
qapalı fondlarında mühafizə edilən dövlət sirri təşkil edən məlumat
daşıyıcılarının məxfiliyini açmaq səlahiyyəti verilə bilər. Fondyaradıcı təşkilat
ləğv edildikdə və onun hüquqi varisi olmadıqda, dövlət sirri təşkil edən məlumat
daşıyıcılarının məxfiliyinin açılması qaydasına dair qərarı müvafiq
icra hakimiyyəti orqanı qəbul edir.
Maddə
15. Azərbaycan Respublikası vətəndaşlarının, müəssisə, idarə və təşkilatlarının,
dövlət hakimiyyəti orqanlarının məlumatların məxfiliyini açmaq haqqında
sorğularının icrası
15.1. Azərbaycan Respublikasının vətəndaşları, müəssisələri,
idarələri, təşkilatları və dövlət hakimiyyəti orqanları məxfiləşdirilmiş məlumatların
məxfiliyinin açılması haqqında sorğu ilə dövlət hakimiyyəti orqanlarına, müəssisələrə,
idarələrə və təşkilatlara, o cümlədən dövlət arxivlərinə müraciət edə bilərlər.
15.2. Bu qanunun 15.1-ci maddəsində nəzərdə tutulan
sorğunu almış dövlət hakimiyyəti orqanı, müəssisə, idarə və təşkilat, o cümlədən
dövlət arxivi sorğuya üç ay ərzində baxıb mahiyyəti üzrə əsaslandırılmış cavab
verməlidir.
15.3. Əgər dövlət hakimiyyəti orqanı, müəssisə,
idarə və təşkilat, o cümlədən dövlət arxivi sorğulanmış məlumatın məxfiliyini
açmaq səlahiyyətinə malik deyilsə, onda sorğunu vermiş vətəndaşa, müəssisəyə,
idarəyə, təşkilata, dövlət hakimiyyəti orqanına bildiriş verməklə, sorğu daxil
olduğu gündən ən geci bir ay müddətində bu cür səlahiyyəti olan dövlət
orqanına, yaxud müvafiq
icra hakimiyyəti orqanına göndərilir.
15.4. Vəzifəli şəxsin sorğuya mahiyyəti üzrə
baxmaqdan boyun qaçırması qüvvədə olan qanunvericiliyə müvafiq olaraq inzibati
və ya intizam məsuliyyətinə səbəb olur.
III fəsil.
Dövlət sirri təşkil edən məlumatlar barəsində sərəncam verilməsiMaddə 16. Dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatları bir-birinə verməsi
16.1. Tabelik münasibətlərində olmayan və birgə işlər
aparmayan dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar dövlət
sirri təşkil edən məlumatları bir-birinə bu qanunun 9-cu maddəsinə uyğun olaraq
sərəncamında müvafiq məlumatlar olan dövlət hakimiyyəti orqanının icazəsi ilə
verirlər.
16.2. Dövlət sirri təşkil edən məlumatları
sorğulayan dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar onların
mühafizəsini təmin edən şəraiti yaratmağa borcludurlar. Onların rəhbərləri dövlət
sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılması üzrə müəyyənləşdirilmiş
qaydalara əməl olunmamasına görə fərdi məsuliyyət daşıyırlar.
16.3. Dövlət sirri təşkil edən məlumatların müəssisə,
idarə və təşkilatlara verilməsinin məcburi şərti onların bu qanunun 27-ci maddəsində
nəzərdə tutulmuş tələbləri yerinə yetirməsidir.
Maddə
17. Dövlət sirri təşkil edən məlumatların birgə və başqa işlərin görülməsi ilə əlaqədar
verilməsi
17.1. Dövlət sirri təşkil edən məlumatların birgə və
başqa işlərin görülməsi ilə əlaqədar müəssisə, idarə, təşkilatlara və ya vətəndaşlara
bu işlərin sifarişçisi, bu qanunun 9-cu maddəsinə uyğun olaraq sərəncamında
müvafiq məlumatlar olan dövlət hakimiyyəti orqanının icazəsi ilə, yalnız həmin
işlərin görülməsi üçün zəruri olan həcmdə verir.
17.2. Dövlət sirri təşkil edən məlumatları verənədək
sifarişçi müəssisə, idarə və ya təşkilatda dövlət sirri təşkil edən məlumatlardan
istifadə edilməklə bağlı işlərin icrasına buraxılması üçün icazənin, vətəndaşlarda
isə müvafiq buraxılışın olduğunu yəqin etməlidir.
17.3. Müəssisə, idarə və ya təşkilatlar birgə və
başqa işlər gördükdə (dövlət sifarişləri aldıqda) və bununla əlaqədar dövlət
sirri təşkil edən məlumatlardan istifadə zərurəti yarandıqda, onlar dövlət müəssisələrinin,
idarələrinin və ya təşkilatlarının dövlət sirrini mühafizə üzrə struktur bölmələrinin
xidmətlərindən istifadə barəsində həmin müəssisə, idarə və ya təşkilatlar ilə
müqavilələr bağlaya bilərlər. Razılığa gələn hər iki tərəfin dövlət sirri təşkil
edən məlumatlardan istifadə edilməklə bağlı işlərin icrasına buraxılması üçün
icazələrinin nömrəsi və etibarlılıq müddəti müqavilədə göstərilməlidir.
17.4. Birgə və başqa işlərin görülməsinə dair
qanunla müəyyənləşdirilmiş qaydada bağlanan müqavilədə tərəflərin, həm işlərin
görülməsi prosesində, həm də işlər başa çatdıqdan sonra dövlət sirri təşkil edən
məlumatların mühafizəsini təmin etmək barəsində qarşılıqlı öhdəlikləri, habelə
dövlət sirri təşkil edən məlumatların mühafizəsi ilə bağlı işlərin (xidmətlərin)
maliyyələşdirilməsi şərtləri nəzərdə tutulur.
17.5. Birgə və başqa işlər görülərkən dövlət sirrinin
etibarlı mühafizəsinə nəzarətin təşkili tərəflərin bağladığı müqavilənin müddəalarına
uyğun olaraq bu işlərin sifarişçisinə həvalə edilir.
17.6. Birgə və başqa işlərin gedişində icraçı dövlət
sirrinin mühafizəsi ilə əlaqədar götürdüyü öhdəlikləri pozduqda, sifarişçi
sifarişin yerinə yetirilməsini pozuntular aradan qaldırılanadək dayandıra bilər.
17.7. Təkrar pozuntu törədildikdə isə, sifarişçi
dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə işlər görülməsi üçün
sifarişin və dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi ilə bağlı
işlərin icrasına buraxılması üçün icazənin ləğv edilməsi və təqsirli şəxslərin
məsuliyyətə cəlb olunması məsələsini qaldıra bilər. Bu halda icraçının
sifarişçi qismində dövlətə vurduğu maddi zərərin əvəzi qüvvədə olan
qanunvericiliyə müvafiq surətdə ödənilməlidir.
Maddə
18. Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara
verilməsi
18.1. Dövlət sirri təşkil edən məlumatların digər
dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi haqqında qərarı müvafiq
icra hakimiyyəti orqanı belə məlumatların verilməsinin mümkünlüyü haqqında müvafiq
icra hakimiyyəti orqanının ekspert rəyi olduqda qəbul edir.
18.2. Dövlət sirri təşkil edən məlumatların digər
dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi qaydasını müvafiq
icra hakimiyyəti orqanı müəyyən edir. Qəbul edən tərəfin ona verilən məlumatların
mühafizəsi üzrə öhdəlikləri onunla bağlanmış beynəlxalq müqavilədə nəzərdə
tutulur.
Maddə
19. Hüquq münasibətləri subyektlərinin funksiyaları dəyişdikdə dövlət sirri təşkil
edən məlumatların mühafizəsi
19.0. Dövlət sirri təşkil edən məlumatlara malik
olan dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar ləğv edildikdə,
təşkilati-hüquqi forması və mülkiyyət növü dəyişdikdə və ya dövlət sirri təşkil
edən məlumatlardan istifadə etməklə görülən işlərə son qoyulduqda, malik
olduqları məlumatların və onların daşıyıcılarının mühafizəsini təmin etmək üçün
tədbirlər görülməlidir. Bu zaman dövlət sirri təşkil edən məlumat daşıyıcıları
müəyyənləşdirilmiş qaydada məhv edilir, arxivə və ya aşağıdakılardan birinə
verilir:
19.0.1. dövlət sirri təşkil edən məlumatlara malik
olan dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın hüquqi
varisinin göstərilən məlumatlardan istifadə etməklə iş görmək icazəsi varsa,
hüquqi varisə;
19.0.2. bu qanunun 9-cu maddəsinə uyğun olaraq sərəncamında
müvafiq məlumatlar olan dövlət hakimiyyəti orqanına;
19.0.3. müvafiq
icra hakimiyyəti orqanının göstərişi ilə başqa dövlət hakimiyyəti orqanına,
müəssisə, idarə və ya təşkilata.
IV fəsil. Dövlət sirrinin mühafizəsiMaddə 20. Dövlət sirrini mühafizə orqanları
20.1. Dövlət sirrini mühafizə orqanlarına
aşağıdakılar aiddir:
20.1.2. dövlət hakimiyyəti orqanları, müəssisə,
idarə, təşkilatlar və onların dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri.
20.2. Bu qanunun 20.1-ci maddəsində nəzərdə tutulan
orqanlar və onların yerlərdəki orqanları dövlət sirrinin mühafizəsini Azərbaycan
Respublikasının qanunvericiliyi ilə onlara həvalə olunmuş funksiyalara müvafiq
surətdə təşkil və təmin edirlər.
20.3. Dövlət hakimiyyəti orqanlarında, müəssisə,
idarə və təşkilatlarda dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkili
üçün məsuliyyət onların rəhbərlərinin üzərinə qoyulur.
20.4. Dövlət sirri təşkil edən məlumatlardan
istifadə etməklə görülən işlərin həcmindən asılı olaraq dövlət hakimiyyəti
orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri müvafiq
icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ hüquqi sənədlərə uyğun
olaraq dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri yaradır və görülən
işlərin xüsusiyyətlərini nəzərə almaqla onların funksiyalarını müəyyənləşdirirlər.
20.5. Dövlət sirrinin mühafizəsi dövlət hakimiyyəti
orqanlarının, müəssisə, idarə və təşkilatların əsas fəaliyyət istiqamətlərindən
biridir.
Maddə
21. Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması
21.1. Vəzifəli şəxslərin və vətəndaşların dövlət
sirri ilə işləməyə buraxılması könüllülük qaydasında həyata keçirilir.
21.2. Dövlət sirri ilə işləməyə, bir qayda olaraq
Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar.
21.3. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
dövlət sirri ilə işləməyə buraxılması müvafiq
icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
21.4. Vəzifəli şəxsin və vətəndaşın dövlət sirri ilə
işləməyə buraxılması aşağıdakıları nəzərdə tutur:
21.4.1. ona etibar edilmiş dövlət sirri təşkil edən
məlumatların yayılmaması barədə dövlət qarşısında öhdəlik götürməsini;
21.4.2. dövlət sirri haqqında qanunvericiliyin
pozulmasına görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının
qanunvericiliyi ilə tanış olmasını;
21.4.3. bu qanunun 25-ci maddəsində nəzərdə
tutulan qismən və müvəqqəti məhdudiyyətlərə rəsmi yazılı razılıq verilməsini;
21.4.4. onun barəsində səlahiyyətli orqanlar tərəfindən
yoxlama tədbirlərinin keçirilməsinə yazılı razılıq verməsini;
21.4.5. dövlət hakimiyyəti orqanının, müəssisə,
idarə və təşkilatın rəhbəri tərəfindən dövlət sirri ilə işləməyə buraxılma
haqqında qərar qəbul edilməsini.
21.5. Yoxlama tədbirlərinin həcmi rəsmiləşdirilən şəxsin
işləməyə buraxılacağı məlumatların məxfilik dərəcəsindən asılıdır. Yoxlama tədbirləri
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.
Yoxlama tədbirlərinin keçirilməsində məqsəd bu qanunun 23.1-ci maddəsində nəzərdə
tutulan əsasların olub-olmamasının müəyyənləşdirilməsidir.
21.6. İşəgötürənin və dövlət sirri ilə işləməyə
buraxılan şəxsin qarşılıqlı öhdəlikləri əmək müqaviləsində əks olunur. Səlahiyyətli
orqanlar müvafiq yoxlamanı başa çatdırmayınca əmək müqaviləsinin bağlanmasına
yol verilmir.
21.7. Vəzifəli şəxslərin və vətəndaşların
dövlət sirri ilə işləməyə buraxılmasının dövlət sirri təşkil edən məlumatların
məxfilik dərəcələrinə uyğun üç forması müəyyən edilir: xüsusi əhəmiyyətli, tam
məxfi və məxfi məlumatlarla işləməyə buraxılma.
21.8. Vəzifəli şəxslərin və vətəndaşların məxfilik
dərəcəsi daha yüksək olan məlumatlarla işləməyə buraxılışının olması, onların məxfilik
dərəcəsi daha aşağı olan məlumatlarla işləməyə buraxılmasına əsas verir.
21.9. Vəzifəli şəxslərin və vətəndaşların
dövlət sirri ilə işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi
qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
21.10. Hərbi və fövqəladə vəziyyət şəraitində
vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması
qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən dəyişdirilə bilər.
Maddə
22. Dövlət sirri ilə işləməyə buraxılmanın xüsusi qaydaları
22.1. Azərbaycan Respublikası Milli Məclisinin
deputatları, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən
vəzifəyə təyin edilmiş şəxslər, öz vəzifələrinin icrası zamanı hakimlər, habelə
dövlət sirri təşkil edən məlumatlarla bağlı cinayət işləri üzrə cinayət mühakimə
icraatında müdafiəçi qismində çıxış edən vəkillər dövlət sirri ilə işləməyə bu
qanun ilə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar.
22.2. Bu qanunun 22.1-ci maddəsində göstərilən şəxslər
qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, dövlət sirrinin yayılmasına
görə məsuliyyətə ümumi əsaslarla cəlb edilirlər.
Maddə
23. Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina
edilməsi üçün əsaslar
23.1. Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri
ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar aşağıdakılardır:
23.1.1. məhkəmə tərəfindən onun fəaliyyət qabiliyyəti
olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi, Azərbaycan
Respublikasının Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə
olan cinayətlərdə, eləcə də digər ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilərək
istintaqa və ya məhkəməyə cəlb edilməsi, bu cür cinayətlərə görə onun məhkumluğunun
olması;
23.1.2. müvafiq
icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahıya uyğun olaraq dövlət
sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərinin olması;
23.1.3. yoxlama tədbirləri nəticəsində dövlət sirri
ilə işləməyə buraxılacaq şəxsin Azərbaycan Respublikasının təhlükəsizliyi üçün
qorxu törədən hərəkətlərinin aşkara çıxması;
23.1.4. onun yoxlama tədbirlərindən boyun
qaçırması və ya qəsdən yalan anket məlumatları verməsi.
23.2. Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri
ilə işləməyə buraxmaqdan imtina edilməsi barədə qərarı dövlət hakimiyyəti
orqanının, müəssisə, idarə və ya təşkilatın rəhbəri yoxlama tədbirlərinin nəticələrini
nəzərə almaqla fərdi qaydada qəbul edir. Vətəndaşın həmin qərardan şikayət vermək
hüququ vardır.
Maddə
24. Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasına
xitam verilməsi şərtləri
24.1. Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri
ilə işləməyə buraxılmasına dövlət hakimiyyəti orqanı, müəssisə, idarə və ya təşkilat
rəhbərinin qərarı ilə aşağıdakı hallarda xitam verilir:
24.1.1. təşkilati və (və ya) ştat tədbirləri ilə əlaqədar
onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdə;
24.1.2. əmək müqaviləsinə əsasən dövlət sirrinin
mühafizəsi üzrə götürdüyü öhdəlikləri bir dəfə pozduqda;
24.1.3. bu qanunun 23.1-ci maddəsinə uyğun olaraq
vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina
üçün əsas verən hallar yarandıqda.
24.2. Dövlət sirri ilə işləməyə buraxılmasına xitam
verilməsi vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri təşkil edən məlumatları
yaymamaq haqqında götürdüyü öhdəliklərdən azad etmir.
Maddə
25. Dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış vəzifəli şəxsin
və ya vətəndaşın hüquqlarının məhdudlaşdırılması
25.0. Dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər
buraxılmış vəzifəli şəxsin və ya vətəndaşın hüquqları müvəqqəti məhdudlaşdırıla
bilər. Məhdudiyyətlər aşağıdakılara aid ola bilər:
25.0.1. dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin
tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən
çox olmamaq şərti ilə xarici ölkəyə daimi yaşamağa getmək hüququna;
25.0.2. dövlət sirri təşkil edən məlumatları
yaymaq və bu cür məlumatları əks etdirən kəşflərdən və ixtiralardan istifadə
etmək hüququna;
25.0.3. dövlət sirri ilə işləməyə buraxılmasının rəsmiləşdirilməsi
(yenidən rəsmiləşdirilməsi) ilə əlaqədar yoxlama tədbirlərinin keçirildiyi müddətdə
şəxsi toxunulmazlıq hüququna.
Maddə
26. Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla
tanış olmağa buraxılmasının təşkili
26.1. Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri
təşkil edən məlumatlarla tanış olmağa buraxılmasının təşkili müvafiq dövlət
hakimiyyəti orqanının, müəssisə, idarə və ya təşkilatın rəhbəri, habelə onların
dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri tərəfindən həyata keçirilir.
26.2. Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri
təşkil edən məlumatlarla tanış olmağa buraxılması qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26.3. Dövlət hakimiyyəti orqanlarının, müəssisə,
idarə və ya təşkilatların rəhbərləri vəzifəli şəxsin və ya vətəndaşın, yalnız
öz vəzifə borcunu yerinə yetirməsi üçün zəruri olan dövlət sirri təşkil edən məlumatlarla
və yalnız lazımi həcmdə tanış olması üçün müvafiq şəraitin yaradılmasına görə fərdi
məsuliyyət daşıyırlar.
Maddə
27. Müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatlardan
istifadə ilə bağlı işlərin icrasına buraxılması
27.1. Müəssisə, idarə və təşkilatlar müvafiq məxfilik
dərəcəsi olan məlumatlarla işləmək üçün müvafiq
icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada icazə aldıqdan sonra
dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə
vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər
görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına
buraxılırlar.
27.2. Bu işlərin görülməsi üçün icazələr müəssisə,
idarə və təşkilatın xüsusi ekspertizasının və onların dövlət sirri təşkil edən
məlumatların mühafizəsi üçün məsul rəhbərlərinin dövlət attestasiyasının nəticələri
əsasında verilir. Ekspertizanın keçirilməsi və icazənin verilməsi ilə bağlı xərclər
həmin müəssisə, idarə və təşkilatların hesabına ödənilir.
27.3. Dövlət sirri təşkil edən məlumatlardan
istifadə ilə bağlı işlərin görülməsi üçün müəssisə, idarə və təşkilatlara icazə
onların aşağıdakı şərtləri yerinə yetirdiyi hallarda verilir:
27.3.1. dövlət sirri təşkil edən məlumatlardan
istifadə ilə bağlı işlərin görülməsi prosesində məlumatların mühafizəsinin təmin
olunmasına dair müvafiq
icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ-hüquqi sənədlərin tələblərini
yerinə yetirdikdə;
27.3.2. onların strukturlarında dövlət sirrinin
mühafizəsi üzrə struktur bölmələri və məlumatın mühafizə işi üçün xüsusi
hazırlanmış, sayı və ixtisas səviyyəsi dövlət sirrinin mühafizəsinin təmin
olunmasına kifayət edən əməkdaşları olduqda;
27.3.3. onların sertifikatlaşdırılmış
informasiyanı mühafizə vasitələri olduqda.
Maddə
28. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması
28.1. İnformasiyanı mühafizə vasitələrinə onların
müvafiq məxfilik dərəcəsi olan məlumatların mühafizəsi tələblərinə uyğunluğunu
təsdiq edən sertifikat verilməlidir.
28.2. İnformasiyanı mühafizə vasitələrinin
sertifikatlaşdırılması müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir.
V fəsil. Dövlət sirrinin mühafizəsi tədbirlərinin
maliyyələşdirilməsiMaddə 29. Dövlət sirrinin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi
29.1. Dövlət hakimiyyəti orqanlarının, büdcə müəssisələrinin,
idarələrinin, təşkilatlarının və onların struktur bölmələrinin dövlət sirrinin
mühafizəsi üzrə fəaliyyəti müvafiq büdcələrin vəsaiti hesabına, qalan müəssisə,
idarə və təşkilatların fəaliyyəti isə onların dövlət sirri təşkil edən məlumatlardan
istifadə etməklə işləri görərkən əsas fəaliyyətdən götürdükləri vəsait hesabına
maliyyələşdirilir.
29.2. Dövlət sirrinin mühafizəsinə dair dövlət
proqramlarının maliyyələşdirilməsi üçün vəsait Azərbaycan Respublikasının dövlət
büdcəsində nəzərdə tutulur.
29.3. Dövlət sirrinin mühafizəsi tədbirlərinin
görülməsi üçün ayrılan vəsaitin xərclənməsinə nəzarəti dövlət hakimiyyəti
orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri, işlərin sifarişçiləri,
habelə Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanının xüsusi səlahiyyət verilmiş vəzifəli şəxsləri həyata
keçirirlər.
VI fəsil. Dövlət sirri haqqında Azərbaycan Respublikası
qanunvericiliyinin pozulmasına görə məsuliyyətMaddə 30. Dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət və mübahisələrə baxılma qaydası
30.1. Dövlət sirri haqqında Azərbaycan
Respublikasının qanunvericiliyini pozan vəzifəli şəxslər və vətəndaşlar qüvvədə
olan qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.
30.2. Müvafiq dövlət hakimiyyəti orqanları və
onların vəzifəli şəxsləri məlumatların qeyri-qanuni yayılması üzrə qərar qəbul
edərkən qeyri-qanuni yayılmış məlumatın dövlət sirri təşkil etməsi haqqında
ekspert rəyinə əsaslanırlar. Ekspert rəyinin hazırlanması və təsdiqi qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
30.3. Dövlət sirri təşkil edən məlumatların
qeyri-qanuni yayılması bütövlükdə Azərbaycan Respublikası və ya mərkəzi icra
hakimiyyəti orqanı üzrə dövlətin təhlükəsizliyinə ziyan vurulmaqla nəticələndiyi
hallarda məlumatların yayılması faktı üzrə materiallara müvafiq
icra hakimiyyəti orqanı tərəfindən baxılır və rəy verilir.
30.4. Vətəndaşların, dövlət hakimiyyəti
orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisə, idarə və təşkilatların
bu qanunla bağlı qanuni maraqlarının və hüquqlarının qorunması, mübahisələrə
baxılması məhkəmə qaydasında və ya qanunvericiliklə müəyyən edilmiş qaydada həyata
keçirilir.
VII fəsil. Dövlət sirrinin mühafizəsinin təmin
olunmasına nəzarətMaddə 31. Dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət
31.1. Dövlət sirrinin mühafizəsinin təmin
olunmasına nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
olunmuş qaydada səlahiyyətləri daxilində müvafiq
icra hakimiyyəti orqanı həyata keçirir.
31.2. Dövlət sirrinin yayılmasının qarşısının
alınması müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə
32. Dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası və idarə nəzarəti
32.1. Dövlət hakimiyyəti orqanlarında, yerli
özünüidarə orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin
mühafizəsinin təmin olunmasına idarələrarası nəzarəti Azərbaycan
Respublikasının müvafiq
icra hakimiyyəti orqanı həyata keçirir.
32.2. Bu qanunla müəyyən olunmuş qaydada dövlət
sirrinə aid edilən məlumatlar barəsində sərəncam vermək səlahiyyətinə malik
dövlət hakimiyyəti orqanları tabeliklərində olan müəssisə, idarə və təşkilatlarda
dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarə nəzarətini həyata keçirir.
32.3. Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanlarının aparatlarında və Azərbaycan Respublikası
Milli Məclisinin Aparatında dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət
onların rəhbərləri tərəfindən təşkil edilir.
32.4. Məhkəmə və prokurorluq orqanlarında dövlət
sirrinin mühafizəsinin təmin olunmasına nəzarət bu orqanların rəhbərləri tərəfindən
təşkil edilir.
32.5. İdarələrarası nəzarətin həyata keçirilməsi
qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 7 sentyabr 2004-cü il
№ 733-IIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (16
noyabr 2004-cü il, № 266) («VES Consultancy» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (30 noyabr 2004-cü il, № 11, maddə 882) («VES
Consultancy» LLC).
23 dekabr 2005-ci il tarixli, 33-IIIQD nömrəli;
10 oktyabr 2006-cı il tarixli, 157-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli,
649-IIIQD nömrəli qanunlara əsasən əlavələrlə («VES Consultancy» LLC).
Facebook Comments Plugin by Hüquqşünasların Məkanı
No comments:
Post a Comment