E. Süleymanova
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)
Tutulduğun zaman nələri bilməlisən?
Azərbaycan
Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin
təqsirsizlik prezumpsiyası hüququ vardır. Yəni cinayətin törədilməsində
təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan
qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə
minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.
Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.
Məhkəmənin
hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan
Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən, hər kəsin yüksək
keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
Qanunla
nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına
göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən
tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan
müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.
Azərbaycan
Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən, cinayət, habelə
hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları
qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsində iştirak etmək
və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
Hər
kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna
zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin
dövlət tərəfindən ödənilməsi hüququ vardır.
Azərbaycan
Respublikası Konstitusiyasının 67-ci maddəsinə əsasən, səlahiyyətli
dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində
ittiham etdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və
tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb
edilməsinin səbəbləri izah edilir.
Azərbaycan
Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən, heç kəs özünə,
arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı
ifadə verməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının qüvvədə
olan qanunvericiliyi cinayət törədilməsində təqsirləndirilən və şübhə
edilən şəxslərin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir.
Azərbaycan
Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən,
cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu
Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə
qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.
Şəxsin
təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə
yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi
prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması
mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə
həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının
tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll
olunmalıdır.
Cinayət
törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta
yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya
təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib
etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
Azərbaycan
Respublikasının Cinayət Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən,
cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə
zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli
hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir.
Cinayət
prosesini həyata keçirən orqan, zərər çəkmiş şəxs (xüsusi ittihamçı),
mülki iddiaçı və ya onun qanuni nümayəndəsi, şübhəli, yaxud
təqsirləndirilən şəxsin qanuni nümayəndəsi, habelə mülki cavabdeh
cinayət, prosesi gedişində özlərinin dəvət etdiyi nümayəndənin hüquqi
yardımından istifadə etmək hüququnu gözləməlidir.
Zərər
çəkmiş şəxsin və ya şahidin dindirilməsi zamanı cinayət prosesini
həyata keçirən orqanın həmin şəxslərin nümayəndə qismində dəvət
etdikləri vəkilin onların yanında olmasını qadağan etməyə hüququ yoxdur.
Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin aşağıdakı hüquqlarını təmin etməlidir:
- tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin
- yardımından istifadə etmək;
- hüquqlarını izah etmək;
- öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq;
- şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq;
- onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək.
Cinayət
prosesini həyata keçirən orqan bu Məcəllə ilə müəyyən edilmiş hallarda
şübhəli və ya təqsirləndirilən şəxsin qanuni nümayəndəsini işə cəlb
etməlidir.
Cinayət
prosesində şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin və
qanuni nümayəndəsinin iştirak etməsi bu şübhəli və ya təqsirləndirilən
şəxsin hüquqlarını məhdudlaşdıra bilməz.
Şübhəli
və ya təqsirləndirilən şəxs ifadə verməyə, cinayət prosesini həyata
keçirən orqana hər hansı materiallar təqdim etməyə və onlara hər hansı
yardım göstərməyə məcbur edilə bilməz.
Azərbaycan
Respublikasının Cinayət Prosessual Məcəlləsinin 90-cı maddəsinə əsasən
aşağıdakı fiziki şəxslər şübhəli şəxs qismində tanınır:
- ittiham elan olunması üçün barəsində tutulma haqqında qərar çıxarılmış şəxs;
- cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs;
- haqqında həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmış şəxs.
Azərbaycan
Respublikasının Cinayət Prosessual Məcəlləsinin 90.2-ci maddəsinə
əsasən cinayət prosesini həyata keçirən orqan tutulmuş şəxsi şübhəli
şəxs vəziyyətində 48 saatdan artıq,
həbs,
girov və ya ev dustaqlığı istisna olmaqla, haqqında qətimkan tədbiri
seçilmiş şübhəli şəxsi - qətimkan tədbiri seçilməsi haqqında qərarın
elan edildiyi andan 10 (on) gündən artıq müddətlərdə şübhəli şəxs
vəziyyətində saxlamağa haqlı deyil.
Azərbaycan
Respublikasının Cinayət Prosessual Məcəlləsinin 90.2-ci maddəsində
nəzərdə tutulmuş müddət qurtaranadək cinayət prosesini həyata keçirən
orqan şübhəli şəxsi azad edərək, haqqında seçilmiş qətimkan tədbirini
ləğv etməli və ya onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi
haqqında qərar çıxarmalıdır.
Şübhə
kifayət qədər əsaslı deyilsə, cinayət prosesini həyata keçirən orqan və
ya məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin
90.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər qurtaranadək şübhəli şəxsi
azad etməli və haqqında seçilmiş qətimkan tədbirini ləğv etməlidir.
Şəxs
azad edildiyi, haqqında seçilmiş qətimkan tədbiri ləğv olunduğu və ya
təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxarıldığı andan
şübhəli şəxs vəziyyətindən çıxmış hesab olunur.
Cinayət
təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli
şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün
vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata
keçirməsinə mane olmamalıdır.
Tutulduğu
və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan
şübhəli şəxs Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində
nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlara malikdir:
•
nədə şübhələnildiyini bilmək (şübhənin məzmunu - ona istinad edilmiş
cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin faktiki tərəfi və hüquqi
tövsifi);
•
tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan
müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan,
müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq;
• tutulma haqqında və ya qətimkan tədbiri seçilməsi haqqında qərarın surətini almaq;
• tutulma haqqında protokol tərtib olunduqdan dərhal sonra onunla tanış olmaq və ona protokolda əks olunmalı qeydlərini vermək;
• tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq;
•
tutulduqdan dərhal sonra ailəsinə, qohumlarına, yaşadığı və ya
işlədiyi (oxuduğu) yerə telefonla və ya digər vasitələrlə tutulması
barədə xəbər vermək;
• müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək;
• söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq;
• müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək;
•
ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat)
verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək;
• ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək;
• tərcüməçinin köməyindən pulsuz istifadə etmək;
• etirazlar etmək və vəsatətlər vermək;
•
istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək, yaxud
Cinayət Prosessual Məcəlləsində başqa qayda nəzərdə tutulmayıbsa, həmin
hərəkətlərdə iştirakdan imtina etmək;
• öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək;
• cinayət işinə əlavə olunması üçün sübutlar və digər materiallar təqdim etmək;
•
cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını
bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin
protokolunda qeyd edilməsini tələb etmək;
•
iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin
protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və
tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual
hərəkətlərdə iştirak edərkən qeyd olunması zəruri olan halların müvafiq
protokola daxil edilməsini tələb etmək;
•
cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş və
onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan
tərəfindən məlumatlanmaq və öz xahişi ilə bu qərarların surətlərini
almaq;
• təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və
hərəkətlərindən şikayət etmək, habelə özünün və ya müdafiəçinin verdiyi şikayətdən imtina
etmək;
• zərər çəkmiş şəxslə barışmaq;
•
cinayət işi üzrə icraat zamanı sərf etdiyi xərclərin ödənilməsinə və
cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri
nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;
• şübhə təsdiq olunmadıqda bəraət almaq və Azərbaycan Respublikasının Cinayət
Prosessual Məcəlləsində nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək hüququna malikdir.
Şübhəli
şəxs öz müdafiəsini müstəqil həyata keçirərkən onun vəziyyətində mümkün
dərəcədə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində
müdafiəçi üçün nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir.
Şübhəli
şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun
ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib
çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını
bilərəkdən çəkdiyi hallar istisna edilməklə, şübhəli şəxsin üzərinə
verdiyi ifadəyə və ya izahata görə heç bir məsuliyyət qoyula bilməz.
Yetkinlik
yaşına çatmayan və fəaliyyət qabiliyyəti olmayan şübhəli şəxsin
hüquqlarını onun əvəzinə Azərbaycan Respublikasının Cinayət Prosessual
Məcəlləsində nəzərdə tutulmuş qaydada qanuni nümayəndəsi həyata keçirir.
Cinayət
Prosessual Məcəlləsində həmçinin şübhəli şəxsin qanunla nəzərdə
tutulmuş hallarda və qaydada müəyyən vəzifələri yerinə yetirməli olduğu
nəzərdə tutulmuşdur.
Bu vəzifələrə aşağıdakılar daxildir:
- cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;
- tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq;
- həkim müayinəsinə, əl-barmaq izlərinin götürülməsinə, şəklinin çəkilməsinə, qan,
- bədən ifrazatı nümunələrinin götürülməsinə məruz qalmaq;
- müayinəyə məruz qalmaq;
- ekspertiza aparılmasına məruz qalmaq;
- təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Azərbaycan
Respublikasının Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsi
təqsirləndirilən şəxsin hüquq və vəzifələrini müəyyən edir. Qanuna
əsasən müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs
qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən
şəxs kimi tanınır.
Anlaqsız
vəziyyətdə və ya cinayət məsuliyyəti yaradan müəyyən yaş həddinə
çatmamış cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad
edilən şəxs də təqsirləndirilən şəxs kimi tanınır. O, Cinayət Prosessual
Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş əlavə və istisnalarla
yanaşı, təqsirləndirilən şəxsin hüquqlarına malikdir və onun
vəzifələrini daşıyır.
Şəxsin barəsində cinayət təqibinə xitam verildiyi andan o, təqsirləndirilən şəxs vəziyyətindən çıxmış hesab olunur.
Müstəntiq,
prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli
və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə
etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və onun xahişi
ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir.
Təqsirləndirilən
şəxs Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə
tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:
•
nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın
faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə
alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar
elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq;
•
onu tutmuş və ya həbs haqqında qərarı icra etmiş şəxsdən,
təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazdı
bildiriş almaq;
•
dərhal tutulma və həbsə alma protokolu tərtib olunduqdan sonra onunla
tanış olmaq və ona protokolda əks olunmalı qeydlərini vermək;
• həbsə alındığı və ya ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq;
• müdafiəçinin yardımından pulsuz istifadə etmək;
•
tutulduqdan dərhal sonra ailəsinə, qohumlarına, yaşadığı və ya
işlədiyi (oxuduğu) yerə telefonla və ya digər vasitələrlə tutulması
barədə xəbər vermək;
•
müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək,
müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək;
• söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq;
• öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək;
•
ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat)
verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək,
habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat
verməkdən imtina etmək;
• ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək;
• tərcüməçinin köməyindən pulsuz istifadə etmək;
• etirazlar etmək və vəsatətlər vermək;
• istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək,
Cinayət Prosessual Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, həmin hərəkətlərdə iştirakdan imtina etmək;
• öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək;
• cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;
• təqsirli olduğunu və ya təqsirli olmadığını bildirmək;
•
cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını
bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin
protokolunda qeyd edilməsini tələb etmək;
•
iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin
protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və
tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual
hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən, qeyd edilməsi zəruri
olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;
• ekspertizanın təyin olunması haqqında qərarla və ekspertin rəyi ilə tanış olmaq;
•
həbsə alma və həbsdə saxlamanın qanuni və əsaslı olduğunu təsdiq etmək
üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi
materiallarla tanış olmaq;
•
ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam
verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri
sənədlərin surətlərini çıxarmaq;
• cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmək;
• əsassız gecikməyə yol verilmədən açıq məhkəmə baxışını tələb etmək;
• birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;
• birinci instansiya məhkəməsinin iclasında andlı iclasçıların seçilməsində iştirak etmək;
• öz müdafiəsini müstəqil həyata keçirərkən birinci və apellyasiya instansiyası
məhkəmələrinin
iclaslarında giriş sözü (haqqında irəli sürülmüş ittihamda özünü
təqsirli bilib-bilməməsinin, mülki iddianı qəbul edib-etməməsinin elan
olunması), nitq və replika söyləmək;
• məhkəmə baxışında son sözlə çıxış etmək;
•
hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət
prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq və xahişi ilə bu
qərarların, o cümlədən qətimkan tədbirinin seçilməsi, istintaq və ya
digər prosessual məcburiyyət tədbirlərinin aparılması, təqsirləndirilən
şəxs qismində cəlb etmə, ittiham elan olunması haqqında qərarların,
habelə ittiham aktının, iddia ərizəsinin, hökmün, məhkəmənin digər yekun
qərarının, apellyasiya və ya kasasiya şikayətlərinin, yaxud
protestlərinin surətlərini almaq;
• təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarlarından, yaxud hərəkətlərindən şikayət etmək;
•
hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya, kasasiya və
ya əlavə kasasiya qaydasında şikayət vermək və həmin qərarların
surətlərini almaq;
• məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona dair qeydlərini vermək;
• özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina etmək;
• zərər çəkmiş şəxslə barışmaq;
• cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış
məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş
hallara öz etirazını bildirmək;
•
onun şikayəti ilə cinayət işinə apellyasiya, kasasiya, əlavə kasasiya
qaydasında və ya yeni açılmış hallar üzrə baxılmasında, həbsdə
saxlanılmırsa, cinayət prosesinin digər iştirakçısının şikayətinə etiraz
olduqda, həmçinin məhkəmə iclasında işin materiallarının tədqiqində
iştirak etmək;
• iş üzrə verilmiş şikayət və protestlərdən xəbərdar olmaq və onlara öz etirazlarını bildirmək;
•
məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən
verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən
məsələlər üzrə öz fikrini bildirmək;
• cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək;
•
cinayət işi üzrə icraat zamanı sərf etdiyi xərclərin ödənilməsinə və
cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri
nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;
• ittiham sübut olunmadığı halda bəraət almaq və bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
Təqsirləndirilən
şəxs öz müdafiəsini müstəqil həyata keçirərkən onun vəziyyətində mümkün
dərəcədə Cinayət Prosessual Məcəllədə müdafiəçi üçün nəzərdə tutulmuş
bütün hüquqlardan istifadə edir.
Təqsirləndirilən
şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun
ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib
çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını
bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin
üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula
bilməz.
Təqsirləndirilən
şəxs Cinayət Prosessual Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada
aşağıdakı vəzifələri yerinə yetirməlidir:
• cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;
• həbsə alınarkən baxışa və şəxsi axtarışa məruz qalmaq;
• həkim müayinəsinə, əl-barmaq izlərinin götürülməsinə, şəklinin çəkilməsinə, qan,
bədən ifrazatı nümunələrinin götürülməsinə məruz qalmaq;
• müayinəyə məruz qalmaq;
• ekspertiza aparılmasına məruz qalmaq;
• təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin
göstərişlərinə tabe olmaq;
• məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan olunanadək məhkəmənin iclas zalını tərk etməmək;
• məhkəmə iclasında qaydaya riayət etmək və Cinayət Prosessual Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Cinayət
prosesinə cəlb olunmuş şəxslər öz hüquq və azadlıqlarını müdafiəsi
məqsədi ilə insan hüquq və azadlıqlarının təmini, qorunması və bərpası
sahəsində səlahiyyətlərə malik dövlət qurumlarına və qeyri hökumət
təşkilatlarına müraciət etmək hüququna malikdirlər.
Azərbaycan
Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər, o cümlədən hüquqi şəxslər pozulmuş insan hüquqlarının bərpası
ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə
(Ombudsmana) müraciət edə bilərlər.
Odur
ki, hüquqlarımız pozulubsa Ombudsmana müraciət edin. Ombudsman hər bir
kəsin müraciətini qəbul etməyə və öz səlahiyyətləri çərçivəsində
pozulmuş hüquq və azadlıqlarını bərpa etməyə hazırdır.
Facebook Comments Plugin by Hüquqşünasların Məkanı
No comments:
Post a Comment