İnzibati
icraat haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu qanunun məqsədi inzibati orqanlar tərəfindən
insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə
nail olmaqdan ibarətdir.
I fəsil. Ümumi müddəalarMaddə 1. Qanunun müəyyən etdiyi qaydalar
1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və
ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
1.2. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar
2.0. Bu qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:
2.0.1. inzibati orqan—Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları,
bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;
2.0.2.
İnzibati akt—inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan
müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul
edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi
nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;
2.0.3.
maraqlı şəxs—inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə
bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş
və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən
qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya
inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına
birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya
xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə
inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs;
2.0.4.
ərizə—maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər
hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti;
2.0.5.
inzibati şikayət—hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi
ilə maraqlı şəxsin inzibati aktdan,inzibati aktın qəbul edilməsindən imtinadan
və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya
baxımından yuxarı inzibati orqana yazılı müraciəti;
2.0.6.
inzibati icraat—fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati
orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi
və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati
orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata
keçirilən fəaliyyət;
2.0.7.
diskresion səlahiyyətlər—qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün
qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;
2.0.8.
qarşılıqlı etimad—inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı
qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan
inam;
2.0.9.
aralıq inzibati akt—konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı
inzibati orqan tərəfindən qəbul edilən akt;
2.0.10.
əlverişli inzibati akt—maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən,
yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt;
2.0.11.
əlverişsiz (yükləyici) inzibati akt—maraqlı şəxsi hüququndan məhrum edən və ya
onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr)
qoyan akt.
Maddə 3. Qanunun tətbiq dairəsi
3.1.
Bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati
orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
3.2.
Bu qanun inzibati orqanların:
3.2.1.
cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə;
3.2.2.
inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.
3.3.
Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları
tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən
oluna bilər.
Maddə 4. Aidiyyət
4.1.
İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati
icraatı həyata keçirirlər.
4.2.
İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını
müstəqil şəkildə müəyyən etməyə borcludur.
4.3.
İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən
olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış
komissiya tərəfindən həll edilir.
Maddə 5. İnzibati orqanlar arasında qarşılıqlı hüquqi yardım
5.1.
İnzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin
orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur.
5.2.
Subordinasiya baxımından tabeçilik münasibətlərində olan inzibati orqanların
bir-birinə yardım etməsi qarşılıqlı hüquqi yardım sayılmır.
Maddə 6. Hüquqi yardımın şərtləri
6.0.
İnzibati orqan hüquqi yardım üçün aşağıdakı hallarda müraciət edə bilər:
6.0.1.
hüquqi və faktiki xarakterli səbəblər üzündən hər hansı hərəkəti müstəqil həyata
keçirmək iqtidarında olmadığı hallarda;
6.0.2.
müəyyən məsələnin həlli üçün ona məlum olmayan və özünün müstəqil olaraq müəyyən
edə bilmədiyi faktlar tələb olunduğu hallarda;
6.0.3.
müəyyən məsələnin həlli üçün tələb olunan zəruri sənədlər və ya digər sübutlar
hüquqi yardım üçün müraciət edilmiş müvafiq inzibati orqanın sərəncamında
olduğu hallarda;
6.0.4.
müəyyən məsələni müstəqil şəkildə həll etmək üçün tələb olunan zəruri xərclər,
həmin məsələnin hüquqi yardım qaydasında digər inzibati orqan tərəfindən həll
olunması üçün tələb olunan xərclərdən çox olduğu hallarda.
Maddə 7. Hüquqi yardım göstərməkdən imtinanın əsasları
7.1.
İnzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməkdən imtina edə bilər:
7.1.1.
hüquqi yardım qaydasında tələb olunan tədbirlərin həyata keçirilməsi onun
qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə aid olmadıqda;
7.1.2.
hüquqi yardım qaydasında həyata keçirilməsi zəruri olan tədbirlər hüquqazidd
olduqda;
7.1.3.
hüquqi yardımın göstərilməsi onun öz funksional vəzifələrinin yerinə yetirilməsinə
əhəmiyyətli dərəcədə mane olduqda;
7.1.4.
hüquqi yardım qaydasında tələb olunan sənədlər və (və ya) məlumatlar qanunla
qorunan bu və ya digər sirri təşkil etdikdə.
7.2.
İnzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməyə borclu deyildir:
7.2.1.
başqa inzibati orqan daha sadə üsulla və ya daha az məsrəflə hüquqi yardım göstərə
bilərsə;
7.2.2.
həmin inzibati orqan xahiş olunan yardıma mütənasib olmayan yalnız böyük məsrəf
hesabına hüquqi yardım göstərə bilərsə.
7.3.
İnzibati orqan hüquqi yardım göstərməkdən imtina etdiyi halda, ona həmin məqsədlə
müraciət etmiş digər inzibati orqana müraciətin daxil olduğu gündən üç gün müddətində
bu barədə yazılı məlumat verməlidir.
7.4.
Müraciət edən inzibati orqan hüquqi yardımdan imtina ilə bağlı məsələyə
baxılması barədə hüquqi yardım üçün müraciət olunmuş orqana münasibətdə nəzarət
funksiyasını həyata keçirən yuxarı inzibati orqana müraciət edə bilər. Yuxarı
inzibati orqan tərəfindən həmin məsələyə qısa müddət ərzində baxılır və qəti qərar
qəbul edilir. Hüquqi yardımdan imtina əsassız hesab edildikdə, yuxarı inzibati orqan
belə yardımın dərhal göstərilməsi barədə hüquqi yardım üçün müraciət olunmuş
inzibati orqana müvafiq tapşırıq verir.
Maddə 8. Hüquqi yardımla bağlı xərclərin ödənilməsi
Hüquqi
yardımla bağlı müraciət etmiş orqan, belə yardımın göstərilməsi ilə əlaqədar çəkilmiş
xərclər iyirmi iki manatdan yuxarı olduqda, həmin xərcləri ödəməlidir.
Maddə 9. Sənədlərin surətini rəsmi təsdiq etmək hüququ
9.1.
İnzibati orqan, özü və ya ona tabe olan orqan tərəfindən qəbul edilmiş inzibati
aktların və ya digər sənədlərin surətini təsdiq edə bilər.
9.2.
İnzibati orqan tərəfindən müvafiq qaydada qəbul edilmiş inzibati aktların və ya
digər sənədlərin təsdiqlənmiş surətləri rəsmi qüvvəyə malikdir.
9.3.
Məzmunu dəyişdirilmiş və ya bütövlüyü pozulmuş sənədin təsdiq olunmasına yol
verilmir.
9.4.
Sənəd təsdiq edilərkən aşağıdakı məlumatları əks etdirən vərəq tərtib
olunmalıdır:
9.4.1.
sənədin dəqiq adı;
9.4.2.
sənədin surətinin onun əsli ilə düz olması barədə qeyd;
9.4.3.
sənədin təsdiq olunduğu tarix və yer;
9.4.4.
məsul vəzifəli şəxsin imzası və inzibati orqanın möhürü.
9.5.
Sənədin təsdiq olunmuş surətinin hər səhifəsi vəzifəli şəxs tərəfindən imza
edilməli və möhür vurulmalıdır.
9.6.
İnzibati aktın və ya digər sənədin surətinin təsdiq edilməsi faktı müvafiq
inzibati orqanda müəyyən edilmiş qaydada qeydə alınmalıdır.
II fəsil. Ümumi prinsiplərMaddə 10. Hüquqi dövlətin ümumi prinsipləri
10.1.
Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının
Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin
hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir.
10.2.
Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati
orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq
olunur.
10.3.
Bu qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin
azaldılması kimi şərh oluna bilməz.
Maddə 11. Qanunçuluq prinsipi
11.1.
İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
11.2.
İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin
hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
Maddə 12. Bərabərlik prinsipi
12.1.
Hamı qanun və inzibati orqan qarşısında bərabərdir.
12.2.
İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər
üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.
12.3.
İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər
üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır.
12.4.
İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata
keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı
mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.
Maddə 13. Etimad hüququnun qorunması prinsipi
13.1.
İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı
qanunla qorunur.
13.2.
İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız
ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika
ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter
daşımalıdır.
13.3.
Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı
səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin
etimadı qanunla qorunur.
13.4.
İnzibati orqanların bu qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və
ya bəyanatları yalnız yazılı formada olduqda, etibarlı təminat sayılır və şəxsin
etimad hüququnun əsasını təşkil edir. Bu qanunun 63-cü və 67—69-cu maddələri də
təminatlara şamil olunur.
13.5.
Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası
14.1.
İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar
daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə
borcludur.
14.2.
Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə
uyğun olmalıdır.
14.3.
Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin
hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul
oluna bilməz.
Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması
15.1.
Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız
formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən
fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması
qadağandır.
15.2.
Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən
formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati
orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
15.3.
İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə
yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə
görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz.
Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması
16.1.
Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli
olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən
irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
16.2.
Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid
olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini
tələb etməkdə haqlıdır.
Maddə 17. Mütənasiblik prinsipi
Fiziki
və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər
hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə
mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə
etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 18. Çoxun azı ehtiva etməsi prinsipi
18.1.
İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər
edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya
daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz .
18.2.
İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədi ilə
uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir.
Maddə 19. Mötəbərlik prezumpsiyası
19.1.
İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər
tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı
sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin
sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların
tələb olunması qadağandır.
19.2.
Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu
hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin
müəyyən edilməsi üçün tədbirlər görür.
III fəsil. Prosedur prinsiplər və təminatlarMaddə 20. İnzibati orqana müraciət etmək hüququ
20.1.
Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə
bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat
əldə etmək hüququ vardır.
20.2.
Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə
aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar
qəbul etməyə və ya məlumat verməyə borcludur.
Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı
21.1.
Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə
maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını
təmin etməlidir.
21.2.
Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl
inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin
işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların
nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə
borcludur.
21.3.
İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini
dinləməkdən imtina edə bilər:
21.3.1.
maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi
nəzərdə tutulduqda;
21.3.2.
ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının
alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul
olunması zərurəti yarandıqda;
21.3.3.
dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin
buraxılmasına səbəb ola biləcəyi halda;
21.3.4.
ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati
aktların və ya avtomatik qurğular vasitəsi ilə inzibati aktların qəbul edilməsi
nəzərdə tutulduqda;
21.3.5.
barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul
edilməsi nəzərdə tutulduqda;
21.3.6.
inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə
tutulduqda.
Maddə 22. İşə baxılmasında qərəzsizlik
22.1.
İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirtməyə borcludurlar.
22.2.
İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz.
Maddə 23. İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların
verilməsi
23.1.
İnzibati orqan ərizə və ya vəsatətlərin verilməsində, ərizə və ya vəsatətdə
buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında
maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu
hüquq və vəzifələri ona izah etməyə borcludur.
23.2.
Fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən müvafiq inzibati orqan ərizələrin
və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrini
onlara verməyə, yaxud poçt rabitəsi və ya digər elektron rabitə kanalları vasitəsilə
göndərməyə borcludur.
Maddə 24. İşin hallarının obyektiv araşdırılması
24.1.
İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən
bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
24.2.
İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə
alınmasından imtina edə bilməz.
24.3.
İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın
xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən
müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim
etdiyi sübutlarla bağlı deyildir.
24.4.
Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə
sübutlar toplamağa borcludur.
24.5.
İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş
və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid
olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
Maddə 25. İnzibati icraat materialları ilə
25.1.
Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat
zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya
icraatla bağlı məlumat almaq hüququna malikdirlər.
25.2.
Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı məlumatlar
başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər.
25.3.
İnzibati orqan müraciət daxil olduğu gündən 3 gün müddətində müvafiq məlumatları
verməlidir.
25.4.
İnzibati orqan məzmununda qanunla qorunan hər hansı sirr olan sənədlərdən
maraqlı şəxslərin ziyanına istifadə edə bilməz.
25.5.
Məzmununda qanunla qorunan hər hansı sirr olan sənədin tanış olmaq üçün təqdim edilməsindən imtina
olunduğu hallarda, inzibati orqan qanunla qorunan maraqlara ziyan vurmadan, həmin
sənədin məzmunu haqqında maraqlı şəxsə mümkün qədər dolğun məlumat verməyə
borcludur.
25.6.
Maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata
keçirildiyi inzibati orqanda tanış
ola bilərlər.
25.7.
Müstəsna hallarda maraqlı şəxslər, yazılı müraciət əsasında, inzibati icraat
materialları ilə digər inzibati orqanda, habelə Azərbaycan Respublikasının
xaricdəki diplomatik nümayəndəliyində tanış
ola bilərlər.
25.8.
Maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini
əldə etmək hüququ vardır.
25.9.
Sənədlərin və digər materialların surətlərinin çıxarılması və poçt rabitəsi ilə
göndərilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada haqq müəyyən oluna bilər.
Maddə 26. Məzmununda qanunla qorunan hər hansı sirr olan sənədlərin və
ya məlumatların məxfiliyinin təmin olunması
Ərizəçi
məzmununda onun ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və ya
kommersiya sirri olan sənədlərin və ya məlumatların məxfiliyinin təmin
olunmasını inzibati orqandan tələb etmək hüququna malikdir.
Maddə 27. İnzibati icraatın aparıldığı dil
27.1.
İnzibati icraat Azərbaycan Respublikasının dövlət dilində və ya müəyyən ərazi əhalisinin
əksəriyyətinin dilində aparılır.
27.2.
İnzibati icraatda iştirak edən və icraatın aparıldığı dili bilməyən şəxslərə tərcüməçinin
xidmətindən istifadə etmək hüququ izah və təmin edilir.
27.3.
İnzibati icraatda iştirak edən şəxslərə sənədlər və məlumatlar icraatın
aparıldığı dildə verilir.
IV fəsil. İnzibati icraatMaddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar
28.1.
İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır:
28.1.1.
fiziki və ya hüquqi şəxsin ərizəsi;
28.1.2.
inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati
orqanın inzibati aktı qəbul etmək vəzifəsi;
28.1.3.
inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət.
28.2.
Bu qanunun 28.1.1-ci və 28.1—3-cü maddələrində nəzərdə tutulmuş hallarda
inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı
andan başlanır.
28.3.
Bu qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat
maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə
ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır;
28.4.
Bu qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə
inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır.
28.5.
Bu qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat
bu qanunun VII fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə
müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.
Maddə 29. Ərizə və ya vəsatətlərin təqdim edilməsi
29.1.
Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə
tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ
ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati
orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron
üsulla göndərilir.
29.2.
Maraqlı şəxs tərəfindən vəsatət müvafiq inzibati orqana bu qanunun 29.1-ci maddəsində
nəzərdə tutulmuş qaydada yazılı formada təqdim olunur.
Maddə 30. Ərizənin forması və məzmunu
30.1.
Ərizə yazılı formada tərtib olunmalıdır.
30.2.
Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
30.2.1.
ərizəçinin müraciət etdiyi inzibati orqanın adı;
30.2.2.
ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini
təsdiq edən sənəd haqqında məlumatlar;
30.2.3.
ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı;
30.2.4.
tələbin qısa məzmunu;
30.2.5.
ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;
30.2.6.
hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;
30.2.7.
ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.
30.3.
Təqdim olunması qanunla nəzərdə tutulmuş bütün sənədlər ərizəyə qoşma kimi əlavə
olunur.
30.4.
Ərizə bu maddədə nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, inzibati orqan ərizədə
həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir
və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir.
Maddə 31. Ərizə və ya vəsatətlərin qəbul edilməsi və qeydiyyata alınması
31.1.
İnzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi
vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır.
31.2.
İnzibati orqan ərizənin qəbul edildiyi gündən ən geci üç gün müddətində ərizənin
qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməyə və ya göndərməyə
borcludur.
31.3.
İnzibati orqan vəsatəti qəbul etməyə və icraat materiallarına əlavə etməyə
borcludur.
Maddə 32. Əlavə sənədlərin və ya məlumatların tələb olunması
32.1.
İnzibati orqan üç gün müddətində ərizənin bu qanunun 30-cu maddəsində nəzərdə
tutulmuş tələblərə uyğunluğunu yoxlayır.
32.2.
Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli
üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati
orqan əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər.
32.3.
İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə
tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
32.4.
Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, əlavə sənədlərin və ya məlumatların
təqdim edilməsi üçün inzibati orqan tərəfindən təyin edilən müddət 15 gündən
çox olmamalıdır.
32.5.
Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, bu qanunun 32.4-cü maddəsində nəzərdə
tutulmuş müddətdə əlavə sənədlər və ya məlumatlar inzibati orqana təqdim
olunmadıqda, ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır.
32.6.
Əlavə sənədlərin və ya məlumatların inzibati orqana təqdim olunduğu andan müddətin
axımı bərpa olunur.
Maddə 33. Ərizənin səlahiyyətli inzibati orqana göndərilməsi
33.1.Ərizəyə
baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa
inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi
inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni
və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir.
33.2.
Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi
barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir.
33.3.
Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni
müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti
üzrə hər hansı rəy verilməsi yolverilməzdir.
33.4.
Bu qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən
olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə
maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır.
Maddə 34. Ərizənin baxılmamış saxlanılması
34.1.
Ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış
saxlanıla bilər:
34.1.1
Bu qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş
şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin
inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul
olunduğu müəyyən edildikdə;
34.1.2.
həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
34.1.3.
bu qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda.
34.3.
Ərizənin baxılmamış saxlanılması barədə inzibati orqan tərəfindən inzibati akt
formasında qərar qəbul edilir.
Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə
müraciət etmək üçün əsaslar
35.1.
Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi
ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər:
35.1.1.
inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar
maraqlı şəxsin xeyrinə dəyişdikdə.
35.1.2.
maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni
sübutlar aşkar olunduqda;
35.1.3.
inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində
qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında
cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda.
35.2.
Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni
yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur.
35.3.
Ərizə yalnız o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzələmək üçün bu
Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki
icraat zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün
olmadığını əsaslandırsın.
35.4.
Ərizə 3 ay müddətində təqdim olunmalıdır. Müddətin axını icraatı təzələmək üçün
əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən başlanır.
35.5.
İnzibati icraatı təzələmək üçün təkrar ərizə ilə müraciət etmək imkanı verən əsaslar
ərizədə qeyd olunmalıdır. Həmin əsaslar ərizədə qeyd olunmadığı halda, inzibati
orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir.
Maddə 36. İnzibati icraatda iştirakçılar
36.1.
Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar:
36.1.1.
inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti
olan inzibati orqan;
36.1.2.
barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın
qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər;
36.1.3.
inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya
hüquqi şəxslər.
36.2.
Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər ərizə
ilə müraciət etmək və inzibati icraatda digər prosessual hərəkətləri həyata
keçirmək hüququna malikdirlər.
36.3.
Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin
hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu
hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində
icraatda iştirakını təmin etməyə borcludur.
36.4.
Qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan
maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin
şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər.
36.5.
İcraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər icraat iştirakçılarının malik
olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs
icraata cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona
münasibətdə də etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır.
36.6.
İnzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq
edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi
varislik qaydasında keçməsinə yol verilmir.
Maddə 37. İnzibati icraatda nümayəndəlik
37.1.
Fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və
yaxud nümayəndə vasitəsi ilə təmsil oluna bilər.
37.2.
Şəxsin inzibati icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndə ilə təmsil
olunmaq hüququndan məhrum etmir.
37.3.
Nümayəndənin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Nümayəndə təmsil etdiyi şəxsin
adından icraatla bağlı bütün prosessual hərəkətləri yerinə yetirmək hüququna
malikdir.
37.4.
Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmış
fiziki şəxsləri inzibati icraatda onların qanuni nümayəndələri təmsil edirlər.
Qanuni nümayəndələr inzibati orqana öz səlahiyyətlərini təsdiq edən sənədi təqdim
etməlidirlər.
37.5.
Qanuni nümayəndələr icraatda iştirak etməyi nümayəndə qismində seçdikləri başqa
şəxsə tapşıra bilərlər.
37.6.
Nümayəndə təmsil etdiyi şəxsin maraqlarını vicdanla müdafiə etməyə borcludur.
37.7.
İnzibati orqan inzibati icraatda həmin orqanın rəhbəri, onun müavini və ya həmin
orqanın rəhbəri tərəfindən təyin olunmuş digər vəzifəli şəxs vasitəsi ilə təmsil
olunur.
37.8.
Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraatla
bağlı bütün məsələlər üzrə nümayəndəyə müraciət edir.
Maddə 38. Maraqlı şəxsin inzibati icraatda vəkil vasitəsi ilə təmsil
olunmaq hüququ
38.1.
Maraqlı şəxsin inzibati icraatda vəkillə təmsil olunmaq və vəkilin yardımından
istifadə etmək hüququ vardır.
38.2.
İnzibati icraatda vəkil qismində Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada fəaliyyət göstərən vəkillər iştirak edə bilərlər.
Maddə 39. Xərclər
39.1.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, inzibati icraatla bağlı xərclər müvafiq inzibati orqanın
hesabına ödənilir.
39.2.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, inzibati icraatla bağlı maraqlı şəxsin və ya onu təmsil edən
nümayəndənin çəkdiyi xərclər, habelə nümayəndəlik haqqı maraqlı şəxsin hesabına
ödənilir.
39.3.
İnzibati şikayət təmin olunduğu hallarda, icraatla bağlı xərclər müvafiq
inzibati orqanın hesabına ödənilir.
Maddə 40. Sənədləri almaq üçün müvəkkil təyin etmək vəzifəsi
40.1.
İnzibati icraatda iştirak edən və Azərbaycan Respublikasında daimi yaşayış yeri
olmayan maraqlı şəxs inzibati orqanın bu barədə onu xəbərdar etdiyi gündən üç
gün müddətində Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan fəaliyyət
qabiliyyətli şəxsi inzibati icraatla bağlı həmin maraqlı şəxsə ünvanlanan sənədləri
almaq üçün müvəkkil təyin etməlidir. İnzibati orqan maraqlı şəxs üçün nəzərdə
tutulan bütün sənədləri həmin müvəkkilə göndərməyə borcludur.
40.2.
Şəxs bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulmuş tələbə əməl etmədiyi halda,
inzibati orqan həmin şəxs tərəfindən sənədlərin alınmamasına görə məsuliyyət
daşımır və bu, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati aktın
etibarsız sayılması üçün əsas ola bilməz.
Maddə 41. Ekspert və ya mütəxəssisin təyin edilməsi
41.1.
İnzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün
inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin
edə bilər.
41.2.
İnzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin
qərarda ekspert rəyinin tələb olunduğu sualların dairəsini (ekspert
araşdırmasının predmetini) müəyyənləşdirir.
41.3.
Maraqlı şəxslər ekspertiza zamanı araşdırılmalı olan əlavə sualları və bu
suallarla bağlı əlavə sənədləri inzibati orqana təqdim etməkdə haqlıdırlar.
İnzibati orqan maraqlı şəxslərin təklif etdikləri sualların rədd edilməsini əsaslandırmağa
borcludur.
41.4.
Ekspertiza inzibati orqanın qərarına əsasən Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq qurumların ekspertləri və ya mütəxəssisləri
tərəfindən keçirilir.
41.5.
Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddət nəzərdə
tutulmamışdırsa, ekspert inzibati orqan tərəfindən təyin olunmuş müddət ərzində
tədqiqat üzrə rəy təqdim etməyə borculudur.
41.6.
İnzibati orqanın və ya maraqlı şəxsin tələb etdiyi hallarda ekspert və ya mütəxəssis
rəylə bağlı əlavə izahat verməyə borcludur.
41.7.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, ekspertizanın keçirilməsi, ekspertin və ya mütəxəssisin
haqqının ödənilməsi ilə bağlı xərclər inzibati orqanın hesabına ödənilir.
Maddə 42. Vəzifəli şəxsə etiraz etmək üçün əsaslar
42.1.
İnzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsi:
42.1.1.
həmin işin nəticəsində şəxsən maraqlı olduqda;
42.1.2.
işdə iştirak edən maraqlı şəxs və ya onun nümayəndəsi ilə qohumluq əlaqəsindədirsə
və ya əvvəllər qohumluq əlaqəsində olmuşdursa;
42.1.3.
işdə iştirak edən maraqlı şəxsin nümayəndəsi olduqda;
42.1.4.
özü və ya ailə üzvləri maraqlı şəxsə məxsus müəssisənin aksiyaları və ya
nizamnamə kapitalına sahib olduqda;
42.1.5.
onun obyektivliyinə və ya qərəzsizliyinə şübhə doğuran yetərli başqa əsaslar
olduqda, inzibati icraatda iştirak edə bilməz.
42.2.
Bu Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, vəzifəli şəxs
özü-özünə etiraz etməyə borcludur.
42.3.
Maraqlı şəxs bu Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, işə
baxan vəzifəli şəxsə, işə kollegial qaydada baxıldıqda isə kollegiyanın istənilən
üzvünə etiraz edə bilər.
Maddə 43. Ekspertə, mütəxəssisə və ya tərcüməçiyə etiraz etmək üçün əsaslar
43.1.
Bu Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda ekspertin, mütəxəssisin
və ya tərcüməçinin inzibati icraatda iştirakına yol verilmir.
43.2.
Ekspert və ya mütəxəssis, habelə aşağıdakı hallarda inzibati icraatda iştirak
edə bilməz:
43.2.1.
işdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən xidməti və ya sair
cəhətdən asılı olduqda;
43.2.2.
inzibati icraatın başlanılması üçün əsas olmuş materiallar üzrə təftiş
apardıqda və ya həmin materiallardan inzibati icraatda istifadə olunduqda.
Maddə. 44. Etiraz haqqında ərizələrə baxılması və həll edilməsi qaydası
44.1.
Vəzifəli şəxsin özü-özünə etiraz etməsi və ya vəzifəli şəxsə etiraz etmə
haqqında ərizə iş üzrə inzibati akt qəbul olunana qədər yazılı formada verilməli
və əsaslandırılmalıdır.
44.2.
Etiraz haqqında ərizəyə etirazın verildiyi vaxtdan ən geci bir gün müddətində
baxılmalıdır.
44.3.
Etiraz haqqında ərizəyə etiraz edilən vəzifəli şəxsin birbaşa rəhbəri və ya həmin
inzibati orqanın rəhbəri tərəfindən baxılır və müvafiq qərar qəbul edilir.
İnzibati orqanın rəhbərinə etiraz haqqında ərizəyə müvafiq nəzarət orqanı tərəfindən
baxılır və qərar qəbul edilir.
44.4.
Kollegial orqanın üzvünə etiraz haqqında ərizəyə etiraz edilən vəzifəli şəxsin
iştirakı olmadan kollegial orqanın üzvləri tərəfindən baxılır və bu barədə səs
çoxluğu ilə müvafiq qərar qəbul edilir.
44.5.
İnzibati orqan etirazla bağlı qərar barədə maraqlı şəxsə bu Qanunla nəzərdə
tutulmuş qaydada məlumat verməlidir.
44.6.
Etirazla bağlı qərardan bu Qanunla müəyyən olunmuş qaydada şikayət verilə bilər.
Maddə 45. İnzibati icraatda sübutlar
45.1.
İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri
hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır.
45.2.
İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən:
45.2.1.
sənədlərdən;
45.2.2.
tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından;
45.2.3.
şahid ifadələrindən;
45.2.4.
müvafiq müayinələrin aparılmasından;
45.2.5.
ekspert rəylərindən;
45.2.6.
hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş
arayışlardan;
45.2.7.
işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər.
45.3.
Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
Maddə 46. Sübutların təqdim edilməsi və tələb olunması
46.1.
İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən
edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan
faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə
borcludurlar.
46.2.
İşdə iştirak edən şəxsin zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda,
o, həmin sübutları tələb etmək barədə vəsatətlə inzibati orqana müraciət edir.
Vəsatətdə sübutların iş üçün əhəmiyyəti, əlamətləri və olduğu yer göstərilməlidir.
İnzibati orqan həmin sübutları tələb etməyə və onların təqdim olunmasını təmin
etməyə borcludur.
46.3.
Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb
olunması qadağandır.
Maddə 47. Sübutların qiymətləndirilməsi
47.1.
İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi
hallara müvafiq olaraq qiymət verir.
47.2.
Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq
istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu
üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə
borcludur.
Maddə 48. İnzibati icraatda müddətlərin hesablanması
48.1.
İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının
başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
48.2.
Qanunla müəyyən olunmuş müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim
tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
48.3.
Müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar inzibati orqan tərəfindən
təyin edilir.
48.4.
İnzibati orqan tərəfindən təyin edilmiş müddətin axını həmin orqanın maraqlı şəxsi
bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan
olunduğu andan başlanır.
48.5.
Müddətlər təqvim günləri ilə hesablanır.
48.6.
Müddətin son günü qeyri-iş gününə düşərsə, növbəti iş günü müddətin qurtardığı
gün hesab olunur.
Maddə 49. Müddətlərin uzadılması
49.1.
İnzibati orqan tərəfindən təyin edilmiş müddətlər maraqlı şəxsin ərizəsi üzrə həmin
orqan tərəfindən uzadıla bilər.
49.2.
İnzibati orqan təyin edilmiş müddətə əməl olunmamasının nəticələri barədə
maraqlı şəxsləri xəbərdar etməyə borcludur.
Maddə 50. Müddətlərin bərpası
50.1.
İnzibati orqan qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü
hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
50.2.
Maraqlı şəxs bu Qanunun 50.1-ci maddəsində göstərilmiş səbəblər aradan qalxdığı
vaxtdan ən geci 10 gün müddətində buraxılmış müddətin bərpa olunmasına dair
yazılı ərizə ilə inzibati orqana müraciət etməlidir. Ərizəyə müddətin
buraxılması səbəbinin üzürlü olduğunu təsdiq edən sənədlər əlavə olunmalıdır.
50.3.
İnzibati orqan buraxılmış müddətin bərpa olunmasına dair ərizəyə 5 gün müddətində
baxır.
50.4.
Müddətin bərpası haqqında ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış
hərəkət də edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və
s.).
50.5.
Qanunla birbaşa qadağan olunmuş hallarda buraxılmış müddətin bərpasına yol
verilmir.
50.6.
Buraxılmış müddətin bərpa olunmasından imtina edilməsi haqqında inzibati
orqanın qərarından maraqlı şəxslər bu Qanunla nəzərdə tutulmuş qaydada şikayət
verə bilərlər.
Maddə 51. İnzibati icraat haqqında xəbərdar etmək
51.1.
İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə
şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini
inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə
borcludur.
51.2.
Bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın
çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə
edə bilər.
51.3.
Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir.
51.4.
Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın
onunla birgə yaşayan yaxın qohumlarına verilir.
51.5.
İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə
iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır.
Maddə 52. İnzibati icraatın müddəti
52.1.
Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı
vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul
edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul
edir.
52.2.
Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində
nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.
52.3.
İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu
Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb
olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə
30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin
uzadılması barədə maraqlı şəxsə məlumat verilir.
52.4.
Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb
olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır.
52.5.
İnzibati aktın qəbul edilməsi də daxil olmaqla, hər bir halda inzibati icraatın
ümumi müddəti 90 gündən çox ola bilməz.
V fəsil. Kollegial inzibati orqanda inzibati icraatMaddə 53. Kollegial inzibati orqanda inzibati icraat qaydası
53.1.
Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanda icraat
bu fəslin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
53.2.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, kollegial orqana təqdim olunmuş ərizəyə dair qərar yalnız
kollegial orqan tərəfindən qəbul edilir.
53.3.
Bu Qanunun 53.2-ci maddəsində nəzərdə tutulmuş qayda, ərizənin həmin kollegial
orqanın rəhbər vəzifəli şəxsi tərəfindən aidiyyəti üzrə müvafiq inzibati orqana
göndərilməsi və ya ərizənin baxılmamış saxlanılması hallarına şamil olunmur.
Maddə 54. Kollegial orqanın iclasının keçirilmə qaydası
54.1.
Kollegial orqanın iclasını bu orqanın rəhbər vəzifəli şəxsi, o, olmadıqda isə
qanunvericiliyə müvafiq şəkildə iclasın sədri seçilmiş şəxs açır və bağlı elan
edir.
54.2.
İclasın sədri iclası cari gündəliyə müvafiq olaraq aparır.
Maddə 55. Kvorum
55.1.
Kollegial inzibati orqanın iclasına onun bütün üzvləri dəvət olunur.
55.2.
Kollegial inzibati orqan onun üzvlərinin ən azı yarısı (üç nəfərdən az olmamaq
şərtilə) iclasda iştirak etdiyi hallarda qərar qəbul etmək səlahiyyətinə
malikdir.
55.3.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, kollegial inzibati orqanın qərarı, iclasda iştirak edən üzvlərin
yarısından çoxu həmin qərarın lehinə səs verdikdə, qəbul edilmiş sayılır.
Maddə 56. Kollegial inzibati orqanın iclasının protokolu
56.1.
Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks
etdirən protokol tərtib olunur:
56.1.1.
kollegial inzibati orqanın adı barədə;
56.1.2.
iclasın keçirildiyi vaxt və yer barədə;
56.1.3.
iclasın sədri və üzvləri haqqında;
56.1.4.
müzakirənin predmeti barədə;
56.1.5.
qəbul edilmiş qərar barədə.
56.2.
İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır.
VI fəsil. İnzibati aktlarMaddə 57. İnzibati aktın forması
57.1.
Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə,
inzibati akt yazılı formada qəbul edilir.
57.2.
Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi
və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib
olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya
kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır.
57.3.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş
hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək
təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz
hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər
formada) qəbul edilə bilər.
57.4.
Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa
düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan
olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır:
57.4.1.
inzibati aktı ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla
qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi
hallarda);
57.4.2.
inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə;
57.4.3.
qanunla birbaşa nəzərdə tutulduqda.
57.5.
Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri,
təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər.
Maddə 58. İnzibati akta dair ümumi tələblər
58.1.
İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına
uyğun qəbul edilməlidir.
58.2.
İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır.
58.3.
İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və
ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir.
Maddə 59. Yazılı inzibati aktın rekvizitləri
59.1.
Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır:
59.1.1.
inzibati aktı qəbul etmiş orqanın adı;
59.1.2.
inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin
adı, atasının adı, soyadı və ünvanı;
59.1.3.
inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi;
59.1.4.
inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya
kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası;
59.1.5.
həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən
istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi
orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat;
59.1.6.
inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü.
59.2.
İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin
aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması
mümkündür.
59.3.
İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə
hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə
başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
Maddə 60. İnzibati aktda əlavə müddəaların (göstərişlərin) nəzərdə
tutulması
60.1.
Qəbul edilməsi tələb olunan inzibati aktda Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş hallarda və ya inzibati aktın qanuni şərtlərinin
həyata keçirilməsini təmin etmək məqsədi ilə əlavə müddəalar nəzərdə tutula bilər.
60.2.
İnzibati orqan tərəfindən diskresion səlahiyyətlər əsasında qəbul edilmiş
inzibati aktda:
60.2.1.
həmin aktla nəzərdə tutulmuş hər hansı imtiyazın və ya vəzifənin (öhdəliyin)
qüvvəyə minməsi və ya qüvvədən düşməsi vaxtını və ya qüvvədə olma müddətini;
60.2.2.
hər hansı imtiyazın və ya vəzifənin (öhdəliyin) qüvvəyə minməsi və ya qüvvədən
düşməsi vaxtının gələcəkdə hər hansı hadisənin baş verməsindən asılı olduğunu;
60.2.3.
həmin aktın ləğv edilməsi hüququnun saxlanılması haqqında qeydləri;
60.2.4.
maraqlı şəxsin müəyyən hərəkətlər etməsini və müəyyən hərəkətlərə yol verməsini
və ya müəyyən hərəkətləri etməkdən çəkinməsini (öhdəliyin icrası şərtlərini) və
ya öhdəliyin icrası ilə bağlı şərtlərin dəyişdirilməsini və ya yeni şərtlərin əlavə
edilməsini müəyyən edən əlavə müddəalar nəzərdə tutula bilər.
60.3.
Əlavə müddəalar inzibati aktın məqsədlərinə uyğun olmalıdır. Əlavə müddəalardan
yalnız inzibati aktla birlikdə şikayət verilə bilər.
Maddə 61. İnzibati aktın əsaslandırılması
61.1.
Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır.
61.2.
Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd
edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və
digər normativ-hüquqi aktlar göstərilməlidir.
61.3.
İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati
orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır.
61.4.
İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və
sübutlarla əsaslandırmağa borcludur.
61.5.
Aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur:
61.5.1.
inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı
şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə;
61.5.2.
inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və
ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər
belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda;
61.5.3.
inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə
qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində
dərc olunduqda;
61.5.4.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.
Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi
62.1.
İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya
onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati
aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi
yolu ilə verilir.
62.2.
Poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta
təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş
inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim
olunmuş sayılır.
62.3.
Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati
aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati
aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim
olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə
düşür.
62.4.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı
inzibati akt kütləvi informasiya vasitələrində dərc olunur. İnzibati akt dərc
edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır.
62.5.
Yazılı inzibati aktın kütləvi informasiya vasitələrində dərc olunması qaydası
müvafiq inzibati orqan tərəfindən müəyyən edilir.
Maddə 63. İnzibati aktda olan aşkar səhvlərin düzəldilməsi
63.1.
İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul
etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər.
63.2.
İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər.
63.3.
İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya
kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır.
63.4.
İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində
nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur.
Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı
64.1.
İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat
verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi
qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və
hüquqi cəhətdən etibarlı sayılır.
64.2.
İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağrılana, ləğv edilənə, dəyişdirilənə,
qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab
edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
64.3.
İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və
ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə
borcludur.
64.4.
Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.
Maddə 65. İnzibati aktın etibarsız sayılması
65.1.
Aşağıdakı inzibati aktlar etibarsız sayılır:
65.1.1
hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati
akt;
65.1.2
müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati
akt;
65.1.3.
qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi)
formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt.
65.1.4.
maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər
etməyi tələb edən inzibati akt;
65.1.5.
faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt;
65.1.6.
kimə ünvanlandığı aydın olmayan inzibati akt.
65.2.
Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və
heç bir hüquqi nəticə yaratmır.
65.3.
İnzibati akt qəbul etmiş inzibati orqan bu qanunun 65.1-ci maddəsində nəzərdə
tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin
aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin
qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Maddə 66. İnzibati icraat müddətində inzibati aktın qəbul edilməməsinin
nəticələri
Maraqlı
şəxsin ərizəsi üzrə bu qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində
inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs
məhkəməyə müraciət edə bilər.
Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması
67.1.
İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya
maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul
edilmiş inzibati akt qanunsuz sayılır.
67.2.
Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya
baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv
oluna bilər.
67.3.
Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan
Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa,
qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi
andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
67.4.
Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər
daxilində ləğv oluna bilər.
67.5.
Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu,
habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət
maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə
münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə
tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli
inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini
xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq
iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz
qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
67.6
Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz:
67.6.1.
rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail
olduqda;
67.6.2.
səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə
inzibati aktın qəbul edilməsinə nail olduqda;
67.6.3.
inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində
bilmədiyi halda.
67.7.
Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati
akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan
yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş
pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin
həcmi Azərbaycan
Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
67.8.
Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət
maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt
ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış
hüquqi nəticələri aradan qaldırmır.
67.9.
Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə
əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin
şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya
maraqlı şəxsin müraciətinə əsasən ödənilir.
67.10.
Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv
etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə
mütənasib olmalıdır.
67.11.
Maraqlı şəxs bir il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin
axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla
müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır.
67.12.
Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum
olduğu gündən bir il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci
maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
67.13.
Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci
maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Maddə 68. Qanuni inzibati aktın ləğv olunması
68.1.
Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa
qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və
ya qismən ləğv oluna bilər.
68.2.
Qanuni əlverişli inzibati akt, yalnız aşağıdakı hallarda ləğv edilə bilər:
68.2.1.
inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati
aktın özündə bu barədə müvafiq qeyd olduğu halda;
68.2.2.
maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan)
istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda;
68.2.3.
inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin
aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura
bildiyi halda;
68.2.4.
inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində
inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin
inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və
ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi
və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara
ziyan vura bildiyi hallarda.
68.3.
Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi
nəticələri aradan qaldırmır.
68.4.
Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum
olduğu gündən bir il ərzində ləğv edilə bilər.
68.5.
Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və
68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi
səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir.
Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir.
68.6.
Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş
inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə
mütənasib olmalıdır.
68.7.
Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci
maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Maddə 69. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv
edilməsi
69.1.
İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu
Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata
keçirilir.
69.2.
İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin
aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin
hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur.
Maddə 70. Sənədlərin qaytarılması
Hər
hansı hüququ təsdiq etmək və ya həyata keçirmək üçün inzibati akt əsasında
verilmiş sənədlər və ya əşyalar, həmin inzibati akt etibarsız sayıldıqdan və ya
ləğv edildikdən sonra müvafiq inzibati orqan tərəfindən tələb oluna bilər. Həmin
sənədlərə və ya əşyalara faktiki sahib olan şəxs onları qaytarmağa borcludur.
VII fəsil. İnzibati şikayətlər üzrə icraatMaddə 71. İnzibati aktdan şikayət vermək hüququ
71.1.
Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə
inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək
hüququna malikdirlər.
71.2.
Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda
inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına
uyğun olaraq şikayət verilə bilər.
71.3.
Yalnız aşağıdakı hallarla bağlı aralıq inzibati aktlardan müstəqil şəkildə
subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə
malik olan digər orqana (bundan sonra—şikayət instansiyası) şikayət verilə bilər:
71.3.1
səlahiyyətlə bağlı;
71.3.2.
etirazla bağlı;
71.3.3.
icraat üzrə materialların tanış
olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat
verilməsindən imtina olunması ilə bağlı;
71.3.4.
qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda.
Maddə 72. İnzibati şikayətin verilməsi qaydası
72.1.
İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.
72.2.
İnzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət
(inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və
şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir.
72.3.
İnzibati qaydada şikayət birbaşa və ya inzibati aktı qəbul etmiş inzibati orqan
vasitəsilə şikayət instansiyasına təqdim edilir. İnzibati orqan 3 gün müddətində
həmin şikayəti şikayət instansiyasına göndərməyə borcludur.
72.4.
Bu fəslin müddəaları inzibati qaydada verilən şikayətlərə şamil olunur.
72.5.
İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının
müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir.
Maddə 73. İnzibati şikayətin verilməsi müddəti
73.1.
Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə
mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir.
73.2.
İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə
vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda
və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına
(ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay
müddətində şikayət verilə bilər.
73.3.
İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzürlü səbəbdən
buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin
müddət bərpa edilir.
Maddə 74. İnzibati şikayətin forması və məzmunu
74.1.
İnzibati şikayət yazılı formada tərtib edilir.
74.2.
İnzibati şikayətdə aşağıdakı məlumatlar göstərilməlidir:
74.2.1.
şikayətin verildiyi inzibati orqanın adı və ünvanı;
74.2.2.
şikayəti verən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer
(hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti;
74.2.3.
barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik);
74.2.4.
şikayəti verən şəxsin tələbi və tələbin əsasları;
74.2.5.
şikayətin tərtib edildiyi tarix;
74.2.6.
şikayəti verən şəxsin imzası.
74.3.
İnzibati şikayət bu maddədə nəzərdə tutulmuş formal tələblərə cavab vermədikdə,
inzibati orqan şikayətin həmin tələblərə uyğun olaraq düzəldilməsi üçün qısa
müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini
şikayətçiyə izah edir.
Maddə 75. İnzibati şikayətin baxılmamış saxlanılmasının əsasları
75.1.
Şikayət instansiyası aşağıdakı hallarda inzibati şikayəti baxılmamış saxlayır:
75.1.1.
bu Qanunun 74-cü maddəsində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda;
75.1.2.
şikayətin predmeti üzrə digər səlahiyyətli inzibati orqanın və ya məhkəmənin qərarı
olduqda;
75.1.3.
inzibati şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş müddət buraxıldıqda və
buraxılmış müddət bərpa edilmədikdə.
75.2.
Şikayət instansiyası şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul edir.
Həmin qərardan bu Qanunla müəyyən olunmuş qaydada şikayət verilə bilər.
75.3.
Şikayət instansiyası şikayət üzrə qərar qəbul edilənədək şikayəti verilmiş şəxsə
öz rəyini bildirmək imkanı verməlidir.
75.4.
Bu Qanunun 75.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aradan qaldırıldıqdan
sonra ümumi qaydada yenidən inzibati şikayət verilə bilər.
Maddə 76. İnzibati şikayətin verilməsinin hüquqi nəticələri
76.1.
İnzibati şikayətin verilməsi şikayət olunan inzibati aktın icrasını
dayandırmır.
76.2.
İnzibati şikayətin verildiyi hallarda, şikayət olunan inzibati aktın icrasının
dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti
vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən
dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.
76.3.
İnzibati aktın icrasının dayandırılması ilə bağlı qərar şikayət instansiyası tərəfindən
əsaslandırılmalıdır.
Maddə 77. Məhkəmə qaydasında müvəqqəti xarakterli müdafiə
77.1.
İnzibati şikayətin verilməsindən asılı olmayaraq, maraqlı şəxs müvəqqəti
xarakterli müdafiə ilə bağlı məhkəməyə müraciət edə bilər.
77.2.
Maraqlı şəxsin müvəqqəti xarakterli müdafiə ilə bağlı ərizəsinə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə müvafiq
məhkəmələr tərəfindən baxılır.
Maddə 78. İnzibati şikayətə baxılması müddəti
78.1.
Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu
gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul
etməyə borcludur.
78.2.
Şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş
müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul
edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Maddə 79. İnzibati şikayətə baxılması qaydası
79.1.
İnzibati şikayətlər üzrə icraat bu fəslin xüsusiyyətləri nəzərə alınmaqla bu
Qanunun IV fəslində müəyyən olunmuş qaydada həyata keçirilir.
79.2.
Şikayət inzibati aktı qəbul etmiş inzibati orqana təqdim olunduqda, həmin orqan
şikayəti və icraatla bağlı materialları şikayət instansiyasına göndərməyə
borcludur. Şikayət maraqlı şəxs tərəfindən birbaşa şikayət instansiyasına təqdim
olunduqda, həmin orqan şikayət olunan inzibati aktı qəbul etmiş inzibati
orqandan icraatla bağlı materialları tələb edə bilər.
79.3.
Şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və
tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu
araşdırılır.
79.4.
Şikayət instansiyasının şikayət üzrə qərarı həm işdə olan, həm də əlavə təqdim
olunmuş sübutlara əsaslanmalıdır.
79.5.
Şikayət instansiyası şikayətə baxılmasını heç bir halda şikayət olunan inzibati
aktı qəbul etmiş inzibati orqana və ya onun vəzifəli şəxslərinə həvalə edə bilməz.
Maddə 80. İnzibati şikayət üzrə qərar qəbul edilməsi
80.1.
İnzibati şikayətə baxdıqdan sonra şikayət instansiyası:
80.1.1.
inzibati aktı dəyişdirmədən, inzibati şikayəti isə təmin etmədən saxlaya bilər;
80.1.2.
inzibati aktı tamamilə və ya qismən ləğv edə bilər və işdə olan və ya əlavə təqdim
olunmuş sübutlar əsasında yeni inzibati akt qəbul edə bilər;
80.1.3.
inzibati aktı dəyişdirə bilər.
80.2.
Şikayət instansiyası tərəfindən inzibati şikayət üzrə qəbul edilmiş qərar
inzibati akt sayılır və inzibati aktlara dair bu Qanunla müəyyən edilmiş tələblərə
uyğun olmalıdır.
VII fəsil. İnzibati aktın icra edilməsiMaddə 81. İnzibati aktların icra edilməsi qaydası
81.1.
İnzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin
şəxs (şəxslər) ona əməl etməyə borcludur.
81.2.
Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati
şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra
edilir.
81.3.
inzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli
olduğunu dəqiq müəyyənləşdirməyə borcludur.
81.4.
Maraqlı şəxs inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrlə
icra etməyə haqlıdır.
81.5.
İnzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət
və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir.
Maddə 82. Pul tələblərinin icra edilməsi
82.1.
Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası "İcra haqqında" Azərbaycan
Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir.
82.2.
İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar
qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul
edilməsi tələb olunmur.
82.3.
Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri
aşağıdakılardır:
82.3.1.
borclu tərəfindən ən azı 10 gün ərzində
pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması;
82.3.2.
pul tələblərinin ödənilməsi üçun müəyyən olunmuş icra müddətinin bitməsi;
82.3.3.
inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın
elan olunduğu gündən sonrakı 10 gün
müddətində borclunun ödəməni həyata keçirməməsi.
Maddə 83. Borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə
və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktların icra
edilməsi
83.1.
Borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri
etməkdən çəkinməyə məcbur edən inzibati aktın könüllü qaydada icrası üçün
maraqlı şəxsə kifayət qədər müddət (ən azı 10
gün) təyin edilməlidir.
83.2.
Bu Qanunun 83.1-ci maddəsinə uyğun olaraq təyin olunmuş müddət ərzində könüllü
qaydada icra olunmayan inzibati akt məcburi qaydada icra edilir.
83.3.
Borclunu müəyyən hərəkətləri etməyə, müəyyən hərəkətlərə dözməyə və müəyyən hərəkətləri
etməkdən çəkinməyə məcbur edən inzibati aktın məcburi qaydada icrası aşağıdakı
məcburi icra tədbirləri vasitəsi ilə təmin oluna bilər:
83.3.1.
inzibati aktla nəzərdə tutulmuş hərəkətin borclunun (maraqlı şəxsin) hesabına
başqa şəxs və ya inzibati orqan tərəfindən icra edilməsi;
83.3.2.
cərimə;
83.3.3.
bilavasitə məcburetmə.
83.4.
Maraqlı şəxs məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə inzibati orqan
tərəfindən əvvəlcədən xəbərdar edilməlidir. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət
maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının
alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda maraqlı
şəxs məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə əvvəlcədən xəbərdar
edilməyə bilər.
83.5.
Xəbərdarlıq yazılı formada olur və bu Qanunla müəyyən olunmuş qaydada maraqlı şəxsə
rəsmi təqdim olunur.
83.6.
Xəbərdarlıqda inzibati aktın könüllü qaydada icrası üçün təyin olunmuş müddət və
həmin müddət başa çatdıqdan sonra tətbiq olunması nəzərdə tutulan məcburi icra
tədbirinin müvafiq növü göstərilir. Xəbərdarlıqda yalnız bir məcburi icra tədbiri
nəzərdə tutula bilər. Əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi
halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqinə yol verilir. Məcburi
icra tədbirləri inzibati akt icra olunana qədər təkrarlana, sərtləşdirilə və ya
dəyişdirilə bilər.
83.7.
Xəbərdarlıqda icra edilməli inzibati akta istinad olunmalı və məcburi icra tədbirlərinin
tətbiqi əsasları göstərilməlidir.
83.8.
İnzibati orqan məcburi icra tədbirlərinin tətbiqi zamanı mütənasiblik prinsipinə
əməl etməyə borcludur.
83.9.
Şəxs inzibati aktı icra etdiyi halda məcburi icra tədbirlərinin tətbiqi dərhal
dayandırılmalıdır.
Maddə 84. İnzibati aktın borclunun (maraqlı şəxsin) hesabına icra edilməsi
84.1.
İnzibati aktla nəzərdə tutulmuş hərəkətin (hərəkətlərin) borclu tərəfindən
yerinə yetirilmədiyi və həmin hərəkətin icrasının başqa şəxs və ya orqan tərəfindən
mümkün olduğu halda, inzibati orqan hərəkətin borclunun hesabına icra
olunmasını həmin şəxsə və ya orqana həvalə edə bilər.
84.2.
Bu Qanunun 84.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati aktın icrası
ilə bağlı xərclər maraqlı şəxsin (borclunun) hesabına ödənilir.
Maddə 85. İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi
85.1.
Şəxsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur
edən inzibati aktın icrasını təmin etmək üçün inzibati orqan tərəfindən
qanunvericiliyə uyğun olaraq cərimə təyin oluna bilər.
85.2.
Fiziki şəxslər qırx dörd manatdan, hüquqi şəxslər isə üç yüz otuz manatdan
yuxarı miqdarda cərimə oluna bilməzlər.
85.3.
Cərimənin miqdarı dörd manatdan az ola bilməz.
85.4.
Cərimə dövlət büdcəsinə köçürülür.
Maddə 86. Bilavasitə məcburetmə
86.1.
Bu Qanunun 84-cü və 85-ci maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirləri
vasitəsi ilə inzibati aktın icrası mümkün olmadıqda və ya həmin tədbirlərin tətbiqi
obyektiv şərait baxımından mümkün olmadıqda, inzibati orqan maraqlı şəxsi müəyyən
hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə bilavasitə məcbur
edə və ya özü dərhal həmin hərəkəti həyata keçirə bilər.
86.2.
Bilavasitə məcburetmə zamanı «Polis haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə
tutulmuş müvafiq tədbirlərdən istifadə oluna bilər.
86.3.
Bilavasitə məcburetmə tədbiri yalnız müvafiq səlahiyyəti olan inzibati orqan tərəfindən
və qanunla müəyyən edilmiş qaydada tətbiq oluna bilər.
Maddə 87. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların icra
olunması qaydası
Bələdiyyələr
tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası "İcra haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq icra məmurları tərəfindən həyata keçirilir.
Maddə 88. Məcburi icra tədbirlərinin tətbiq edilməsi haqqında qərardan
şikayət verilməsi
Maraqlı
şəxs məcburi icra tədbirlərinin tətbiq edilməsi haqqında inzibati aktdan bu
Qanunun VII fəslində nəzərdə tutulmuş qaydada yuxarı inzibati orqana və ya Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məhkəməyə şikayət
verə bilər.
IX fəsil. MəsuliyyətMaddə 89. İnzibati orqanların məsuliyyəti
89.1.
İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi)
nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının
Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
89.2.
Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati
orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
Maddə 90. İnzibati orqanların vəzifəli şəxslərinin məsuliyyəti
90.1.
İnzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam,
inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.
90.2.
Vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində
vurulmuş ziyana görə maraqlı şəxsə kompensasiya ödənildiyi hallarda, həmin vəzifəli
şəxs müvafiq inzibati orqan tərəfindən reqres iddia qaydasında maddi məsuliyyətə
cəlb oluna bilər.
Maddə 91. Qanunun qüvvəyə minməsi
Bu Qanun Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi ilə
eyni gündə qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 21 oktyabr 2005-ci il
№ 1036-IIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (29 dekabr 2005-ci il, № 302)
«Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2005-ci
il, № 12, maddə 1084)
19 dekabr 2006-cı il tarixli, 206-IIIQD nömrəli; 2 iyun 2008-ci il
tarixli, 618-IIIQD nömrəli; 17 may 2011-ci il tarixli, 121-IVQD nömrəli
qanunlara əsasən dəyişikliklər və əlavələrlə
Facebook Comments Plugin by Hüquqşünasların Məkanı
Əladı. Bu qanununun qüvvəyə minməsi onun qəbul olunmasından xeyli müddət keçəndən sonra baş tutmuşdur.
ReplyDelete